Müğənni Selena Qomez yaratdığı “Wondermind” şirkətinə görə məhkəməlik olub.

Heftelik.az Lent.az-a istinadən  xəbər verir ki, bir qrup investor Selena Qomezi, onun anası Mendi Tifi və keçmiş biznes tərəfdaşı Daniella Pirsonu məhkəməyə verib.

İnvestorlar bildiriblər ki, “Wondermind” layihəsinə ümumilikdə 1,2 milyon dollar sərmayə yatırıblar. Onların sözlərinə görə, pul yatırarkən Selena Qomezin şirkətin fəaliyyətində fəal iştirak edəcəyi və məşhurluğundan layihənin reklamı üçün istifadə edəcəyi vəd olunub.

Lakin iddiaçılar Qomezin sonradan şirkətin inkişafında gözlənilən qədər iştirak etmədiyini bildiriblər.

Onlar həmçinin “Wondermind” adlı mobil tətbiqin hazırlanacağının bildirildiyini, amma belə bir tətbiqin yaradılmadığını qeyd ediblər.

İddiaçılar şirkətdə maliyyə problemlərinin, işçilərin maaşlarının gecikdirilməsinin və idarəetmə çətinliklərinin olduğunu sonradan öyrəndiklərini bildiriblər.

“Wondermind” nə üçün yaradılmışdı?

Selena Qomez, anası və Daniella Pirson “Wondermind”i 2021-ci ildə yaradıblar.

Layihə insanların psixoloji vəziyyətləri barədə məlumat ala, faydalı məqalələr oxuya və psixi sağlamlıqlarını qorumaq üçün müxtəlif vasitələrdən istifadə edə biləcəkləri platforma kimi təqdim olunub.

İndi isə investorlar yatırdıqları 1,2 milyon dolların geri qaytarılmasını və məhkəmə xərclərinin ödənilməsini tələb edirlər.

Selena Qomez və onun nümayəndələri ittihamlarla bağlı hələlik açıqlama verməyiblər.