Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib.

Heftelik.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 14-də Böyük Şor gölündə suyun yaşıl rəngə boyanmasının səbələrinin araşdırılması məqsədilə su nümunələri götürülüb və analiz aparılıb. Analiz nəticələrinə əsasən, su nümunəsinin kəskin iyli, yaşıl rəngli, qatı, çətin çökən maddə şəklində olması müəyyənləşdirilib.

Nümunənin mikroskopik tədqiqatı zamanı həddindən artıq göy-yaşıl yosunlar (cyanobacteria) müşahidə edilib. Aşkarlanan yosun qrupları su nümunəsinin rəngini adətən yaşıl, bəzən isə qəhvəyi-yaşıl göstərə bilər.

Mövsümlə əlaqədar temperaturun yüksəlməsi, həmçinin suda biogen elementlərin (ümumi azot və fosforun) miqdarının artması suda baş verən biokimyəvi prosesləri sürətləndirib və bu da toksiki sianobakteriyaların populyasiya sıxlığının kəskin artması üçün optimal şərait yaradıb.