Dünyaca məşhur aktrisa Hayden Panettiere-nin 36 yaşında həyatını itirməsi xəbəri pərəstişkarlarını və onu sevənləri böyük kədərə boğdu. Hollivudda adını uşaq yaşlarında tanıdan və son zamanlar şəxsi həyatındakı çalxantıları səmimi şəkildə açıqlayan ulduzun ölümü ilə bağlı təfərrüatlar da tədricən ortaya çıxmağa başlayıb.
36 yaşlı Hayden Panettiere-nin qəfil vəfat etməsi şou-biznes dünyasını sarsıdıb və böyük kədərə səbəb olub. Məşhur aktrisa bir müddət idi ki, uşaq yaşlarında başladığı sənət fəaliyyətində yaşadıqlarını və şəxsi həyatının ağrılı illərini böyük səmimiyyətlə danışmağa başlamışdı.
Yeganə qızı onun üçün hər şey idi
Uzun müddətdir ondan ayrı yaşasa da, Hayden Panettiere üçün yeganə qızı Kaya ilə münasibəti hər şeydən öndə gəlirdi.

“Heroes” serialının ulduzu 2014-cü ildə keçmiş nişanlısı Wladimir Klitschko ilə Kaya adlı qızını dünyaya gətirdikdən qısa müddət sonra ağır doğuşdan sonrakı depressiya və asılılıqla mübarizə aparmağa başlayıb.
Bu vəziyyət Panettiere-nin özündən 13 yaş böyük olan Klitschko-ya Kayanın tam qəyyumluğunu verməsinə səbəb olub.
Xatirə kitabında qızının qəyyumluğundan necə imtina etdiyini yazmışdı
Bu yaxınlarda nəşr etdirdiyi “This Is Me: A Reckoning” adlı xatirə kitabında Hayden Panettiere belə yazıb: “Həmin günün hər saniyəsini xatırlayıram. Hər lənətə gəlmiş saniyəsini. Heç bir ana övladını tərk etdiyi günlə bağlı heç nəyi unuda bilməz.”
Bu ağrı, demək olar ki, aktrisanın həyatının mərkəzinə çevrilmişdi.
Qızı atası ilə birlikdə Ukraynada yaşayan məşhur aktrisa onu görmək üçün daim səfər edir və qızı ilə münasibətindən belə danışırdı: “Mümkün qədər çox səyahət edirəm. Onu görürəm. FaceTime vasitəsilə onunla çox vaxt keçirirəm və həqiqətən dərin mövzular haqqında danışırıq. Aramızda çox güclü, inanılmaz bir bağ var və buna görə çox minnətdaram.”
Panettiere Klitschko ilə nişanlandığını elan etdikdən bir ildən çox müddət sonra, 9 dekabr 2014-cü ildə Kayanı dünyaya gətirib.

Doğuşdan sonrakı depressiya onu uçuruma sürüklədi
Xatirə kitabında doğuş zamanı çox qan itirdiyini və ölümdən döndüyünü bildirən Hayden Panettiere əməliyyat masasında belə dua etdiyini yazıb: “Tanrım, xahiş edirəm, qızımın ağlamasını eşitməyimə icazə ver. Sadəcə onun yaxşı olduğundan əmin olmaq istəyirəm və əgər getmək vaxtım çatıbsa, buna razıyam.”
Panettiere-yə Kaya 4 aylıq olarkən doğuşdan sonrakı depressiya diaqnozu qoyulub. O, doğuşdan sonra yaşadığı çətinliklər barədə ilk dəfə 2015-ci ilin sentyabrında danışıb və “Anaların körpələrini görən kimi ani sevgi partlayışı yaşadıqlarını həmişə eşitmişdim, amma mən heç nə hiss etmədim” deyib.
Yaşadığı çətin günlərdən sonra alkoqola üz tutan aktrisa qısa müddət sonra asılılıqla mübarizə aparmağa başlayıb və vəziyyəti daha da pisləşdikdən sonra 2018-ci ildə Kayanın qəyyumluğunu atasına verib.

“Yaşadıqlarım kabus idi”
Hayden Panettiere daha sonra həmin günü belə xatırlayacaqdı: “Bu, kabus idi. Yaşadığım bir kabus idi və özümü tamamilə nəzarətsiz hiss edirdim. Bununla bağlı edə biləcəyim heç nə yox idi.”
Məşhur aktrisa qızını tərk etmədiyini, əksinə, həmin dövrdə özünü tərk etdiyini və onu tərk etdiyini deyən insanların sözlərinin ürəyini parçaladığını bildirib.
O, kitabında belə yazıb: “Bu, inanılmaz dərəcədə çətin idi. Övladımın hər gün, bütün gün mənimlə olmayacağını düşünmək… Bunu sözlərlə ifadə edə bilməzsiniz.”
Tədricən toparlanmağa başlayan və Kayanın həyatına uyğunlaşan, onunla əlaqə saxlayan və tez-tez yanına gedən Hayden Panettiere ölümündən qısa müddət əvvəl verdiyi müsahibədə qızı haqqında “İnanılmaz balaca qızdır. Çox xoşbəxtdir və beş dil danışır” deyib.
Ölümünün arxasındakı sirlər tədricən aydınlaşır
İllər boyu maddə asılılığı ilə mübarizə aparan sənətçinin ölüm səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. Lakin ABŞ mediasında Panettiere-yə təcili tibbi yardım göstərildiyi zaman aparılan radio danışıqlarının qeydləri yayımlanıb.

Məlumata görə, qeydlərdə ekipajın “ürək dayanması” yaşayan qadına “həddindən artıq doza” ehtimalı ilə müdaxilə etdiyi eşidilir. Cənubi Karolinadakı Qrinvil Polis Departamenti Panettiere-nin evinə bazar günü Bakı vaxtı ilə saat 21:00 radələrində “huşsuz qadın” barədə daxil olan məlumat əsasında getdiklərini açıqlayıb.
Erkən yaşda gələn şöhrət…
Aktrisanın ölümündə “hər hansı cinayət şübhəsi və ya şübhəli vəziyyət” müəyyən edilmədiyi də açıqlanıb. Qızının ölümündən sonra mesaj yayımlayan atası Skip Panettiere ailənin “bu sözlə ifadə edilə bilməyən itki ilə barışmağa çalışdığı” bir vaxtda məxfiliyinə hörmət göstərilməsini istəyib.

36 yaşlı aktrisa karyerasına uşaq yaşlarında başlayıb.
O, Denzel Vaşinqtonla birlikdə rol aldığı 2000-ci ildə çəkilmiş idman dramı “Remember The Titans” filmi ilə tanınıb.
Rol aldığı iki serial onu dünya şöhrətinə qovuşdurmuşdu
Panettiere daha sonra superqəhrəman serialı “Heroes”da cheerleader Claire Bennet obrazı ilə məşhurlaşıb. Ardından məşhur “Nashville” serialında yüksəlişdə olan kantri müğənnisi Juliette Barnes obrazını altı mövsüm ərzində canlandırıb.

Bu ilin əvvəlində nəşr olunan kitabında Panettiere psixi sağlamlığı ilə bağlı yaşadığı çətinliklərdən bəhs edib, həmçinin kiçik qardaşı Jansenin 2023-cü ildə ölümündən yazıb.

Qardaşını gənc yaşda itirmək onu sarsıtmışdı
Jansen cəmi 28 yaşında ürəyin böyüməsi səbəbindən həyatını itirib. Bu itki ilə bağlı 2024-cü ildə “People” jurnalına verdiyi müsahibədə “O, mənim yeganə qardaşım idi və onu qorumaq mənim vəzifəm idi” deyən ulduz sözlərinə belə davam edib: “Onu itirəndə elə hiss etdim ki, sanki ruhumun yarısını itirmişəm. Bunun öhdəsindən heç vaxt gələ bilməyəcəyəm. Aradan neçə il keçməsindən asılı olmayaraq, onun itkisi ilə heç vaxt barışa bilməyəcəyəm.”
Panettiere-nin qızının atası, keçmiş nişanlısı, ukraynalı boksçu Wladimir Klitschko da onun ölümündən sonra açıqlama yayaraq “dərin şok və matəm” içində olduğunu bildirib.
