Ukraynada cinayət aləminin nüfuzlu nümayəndələrindən biri hesab edilən 40 yaşlı Rustəm Urazgeldiyev barəsində başlanmış cinayət işinə xitam verilib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, Çerniqov Apellyasiya Məhkəməsi zərərçəkmiş şəxsin ittihamdan imtina etməsini nəzərə alaraq Urazgeldiyev barəsindəki icraata son qoyub.
Nejin şəhərinin kriminal aləmdə “nəzarətçisi” hesab edilən Urazgeldiyevlə bağlı qərar avqustun 12-də hakimlər Maksim Qurenko, Sergey Mazur və Aleksandr Avramenkodan ibarət kollegiya tərəfindən qəbul olunub.
Qısqanclıq mübahisəsi qanlı bitib
Hadisə 2025-ci il fevralın 6-da gecə saatlarında Nejin şəhərində yerləşən avtomobil yuma məntəqəsinin yaxınlığında baş verib.
İstintaq materiallarına əsasən, Urazgeldiyev tanışı Andrey Vovkodavla münasibətlərinə aydınlıq gətirmək üçün əraziyə gəlib. Onlar arasında mübahisənin eyni qadına maraq göstərmələri səbəbindən yarandığı iddia olunub.
Mübahisə zamanı Urazgeldiyevin bıçaqla Vovkodavın üz nahiyəsinə zərbə endirdiyi bildirilib. Zərərçəkmişin sol yanağında dərin yara yaranıb və o, xəstəxanaya yerləşdirilib.
Urazgeldiyev isə sonradan rəqibinin 15 min dollar qarşılığında polisə şikayət etməməyə hazır olduğunu iddia edib.
10 min dollar təzminat alıb
Hadisədən iki gün sonra Urazgeldiyevə ağır xuliqanlıq maddəsi ilə şübhəli şəxs statusu verilib. Daha sonra ittihama qəsdən ağır bədən xəsarəti yetirmə maddəsi də əlavə olunub.
Lakin 2025-ci ilin aprelində Vovkodav Urazgeldiyevlə barışdığını və 10 min dollar təzminat aldığını rəsmi şəkildə bildirib.
Zərərçəkmiş cinayət işinin bağlanmasını istəyərək üzündə qalan çapığın xarici görünüşünü dəyişdirmədiyini və sifətinin eybəcərləşməsi kimi qiymətləndirilə bilməyəcəyini qeyd edib.
Üç illik cəza da ləğv olunub
Nejin Şəhər Məhkəməsi ilkin ittihamı dəyişərək əməli az ağır bədən xəsarəti yetirmə kimi qiymətləndirib. Urazgeldiyevə üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Tərəflər hökmdən apellyasiya şikayəti veriblər. Çerniqov Apellyasiya Məhkəməsi isə zərərçəkmişin ittihamdan imtina etməsini əsas götürərək əvvəlki hökmü ləğv edib və işə xitam verib.
Beləliklə, Urazgeldiyev bu iş üzrə yeni məhkumluqdan yayınıb. Xarici mediada onun barəsində yaşlı kişinin döyülməsi və qanunsuz kazino təşkil edilməsi ilə bağlı başqa məhkəmə işlərinin də araşdırıldığı bildirilir.
