İspaniyanın “Real” klubu ardıcıl üçüncü il dünyanın ən dəyərli futbol brendi adını qoruyub.

Heftelik.az Report-a istinadən xəbər verir ki, Madrid təmsilçisinin dəyəri 25 faiz artaraq 2,4 milyard avroya çatıb.

Siyahıda ikinci yeri brend dəyəri 15 faiz artaraq 2 milyard avroya çatan İspaniyanın digər təmsilçisi “Barselona” tutub.

İngiltərənin “Arsenal” klubu dəyərini 28 faiz artıraraq 1,5 milyard avroya çatdırıb və ilk dəfə dünyanın ən dəyərli 3 futbol brendi sırasına daxil olub. London təmsilçisi həmçinin “Mançester Yunayted”i geridə qoyaraq Böyük Britaniyanın ən güclü futbol brendinə çevrilib.

Siyahının ilk “onluğ”unda Almaniyanın “Bavariya” (1,5 milyard avro), Fransanın PSJ (1,5 milyard avro), İngiltərənin “Mançester Siti” (1,5 milyard avro), “Liverpul” (1,5 milyard avro), “Mançester Yunayted” (1,4 milyard avro), “Çelsi” (955 milyon avro) və Almaniyanın “Borussiya” (Dortmund, 664 milyon avro) klubları da yer alıblar.

Ən çox artıma Almaniyanın “Ştutqart” komandası nail olub. Bu kollektivin brend dəyəri 99 faiz artaraq 183,5 milyon avroya yüksəlib. İngiltərənin “Aston Villa” klubu isə dəyərini 60 faizdən çox artıraraq 483,5 milyon avroya çatdırıb.

Qeyd edək ki, dünyanın ən dəyərli 50 futbol klubunun ümumi brend dəyəri 23,9 milyard avro təşkil edib ki, bu da reytinqin 15 illik tarixində rekord artım göstəricisidir. İlk 10 klub bu məbləğin 60 faizindən çoxunu – 14,9 milyard avrosunu təşkil edir.