Astarada və Yevlaxda ictimai məkanda nalayiq ifadələr işlədənlər həbs olunub.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Astara şəhərində yerləşən Heydər Əliyev parkında və Yevlax şəhərinin Fətəli Xan Xoyski küçəsində baş verib.
Astarada 66 və 47 yaşlı şəxslər park ərazisində sərxoş halda, Yevlaxda isə 67 yaşlı kişi uca səslə nalayiq ifadələr işlədiblər. Bununla da ictimai asayişi pozan hərəkətlərə yol veriblər.
Ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq, irad bildirib və şöbəyə aparıblar. Yevlaxda baş verən hadisə zamanı isə şəxs polis əməkdaşların qanuni tələbinə əvvəlcə məhəl qoymayıb. Sonradan o, əməlindən peşman olduğunu bildirib. Burada onlar barəsində inzibati protokol tərtib olunub.
Saxlanılanların hər üçü törətdikləri əməli başa düşdüklərini deyərək, məhkəmədən yüngül cəza verilməsini istəyiblər.
Məhkəmənin qərarı ilə onların hər biri 10 gün müddətinə inzibati qaydada həbs olunublar.
