Türkiyə İsrail Baş naziri Binyamin Netanyahunu qırmızı bülletenlə axtarışa verib.

Heftelik.az xəbər  verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat verib.

Akın Gürlek Netanyahu barəsində “soyqırımı” cinayəti üzrə aparılan cinayət təqibi çərçivəsində qırmızı bülleten elan edilməsinin tələb olunduğunu açıqlayıb: “Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan Qlobal Sumud Donanması fəallarına qarşı beynəlxalq sularda həyata keçirilən hücumla bağlı məhkəmə prosesi qətiyyətlə davam edir. İstanbul 11-ci Ağır Cinayətlər Məhkəməsinin 2026/108 saylı işində Binyamin Netanyahu və Afek Moskovitchin də aralarında olduğu 35 təqsirləndirilən şəxs barəsində cinayət təqibi həyata keçirilir. İş çərçivəsində Binyamin Netanyahu və Afek Moskovitch haqqında “Soyqırımı” cinayəti üzrə 14 iyul 2026-cı il tarixində verilmiş həbs qərarları doğrultusunda, Ədliyyə Nazirliyimiz tərəfindən beynəlxalq səviyyədə axtarışlarının həyata keçirilməsi məqsədilə qırmızı bülleten yayımlanması Daxili İşlər Nazirliyimizdən tələb edilib, bununla bağlı sənədlər Xarici İşlər Nazirliyimizə təqdim edilmişdir. Binyamin Netanyahu və Afek Moskovitch Qəzzəyə humanitar yardım çatdıran mülki şəxslərə beynəlxalq sularda silahlı müdaxilə və fəalların saxlanılması ilə bağlı əməllər çərçivəsində “İnsanlıq əleyhinə cinayət”, “Soyqırımı”, “Tövsifedici hallarda şəxsin azadlıqdan məhrum edilməsi”, “Qəsdən xəsarət yetirmə”, “Əzab vermə”, “Əmlaka zərər vurma”, “Tövsifedici hallarda quldurluq” və “Nəqliyyat vasitələrinin qaçırılması” cinayətlərində ittiham olunaraq mühakimə edilirlər. Qəzzada soyqırımı siyasəti həyata keçirən Netanyahu hökumətinin toxunulmaz və hesabat verməz olduğu istiqamətindəki yanaşmanı heç bir halda qəbul etmirik. Qəzzada törədilən cinayətlərin üzərinin örtülməsinə, məsul şəxslərin cəzasızlıq zirehi ilə qorunmasına imkan verməyəcəyik. Milli və beynəlxalq hüququn bütün imkanlarından qətiyyətlə istifadə edəcəyik. Prezidentimiz Rəcəb Tayyib Ərdoganın liderliyi ilə Fələstin xalqının, məzlumların və insanlıq vicdanının yanında möhkəm dayanmağa davam edəcəyik. İnsanlığa qarşı cinayət törədənlərin hüquq qarşısında cavab verməsi üçün bütün zəruri addımları qətiyyətlə atacağıq”.