Ankara Respublika Baş Prokurorluğunun apardığı Alihan Kuriş cinayətkar təşkilatı ilə bağlı istintaq çərçivəsində axtarışda olan və xaricə qaçmağa hazırlaşdığı müəyyən edilən Alihan Kurişin qardaşı Hilmi Tuna Kuriş və Erhan Yılmaz Marmarisin Bozburun bölgəsində saxlanılıb.
Heftelik.az Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan Hilmi Tuna Kuriş və Erhan Yılmazın qaçışının təşkili ilə bağlı yeni detallar ortaya çıxıb.
Alihan Kuriş Cinayət Təşkilatı ilə bağlı istintaq çərçivəsində axtarışda olan və xaricə qaçmağa hazırlaşdığı müəyyən edilən qardaşı Hilmi Tuna Kuriş və Erhan Yılmaz Marmarisin Bozburun bölgəsində saxlanılıb.

Kurişlərin qaçışında diqqətçəkən avtomobil detalı: avtomobil keçmiş daxili işlər naziri İdris Naim Şahinin adına ayrılıb
İstintaq çərçivəsində əldə edilən məlumatlara görə, şübhəlilərin Muğlaya aparılmasında istifadə olunan 34 SL 313 dövlət nömrə nişanlı avtomobilin keçmiş daxili işlər naziri və son olaraq İYİ Partiyanın Ordu üzrə 1-ci sıra deputatlığa namizədi olmuş İdris Naim Şahinin adına 2030-cu ilədək ayrıldığı müəyyən edilib.
Aparılan araşdırmalar zamanı 34 SL 313 dövlət nömrə nişanlı avtomobilin 16 avqust 2026-cı ildə İzmirin Səlcuq rayonunun Kozpınar ərazisindəki yanacaqdoldurma məntəqəsindən yanacaq aldığı, avtomobilin sürücüsünün isə Mehmet Özmen olduğu müəyyənləşdirilib.
PTS və digər görüntülərdə Özmenin avtomobildən düşdüyü, avtomobildəki digər şəxslərin isə təhlükəsizlik məqsədilə avtomobildən düşmədikləri müəyyən edilib. Özmenin şübhəliləri Muğlada düşürdükdən sonra avtomobillə yenidən İstanbula qayıtdığı ehtimal olunur.
İstintaq zamanı müəyyən edilən digər diqqətçəkən məqam isə Özmenin istifadə etdiyi müəyyən edilən mobil telefon xəttini 16 avqust günü saat 12:31 radələrində söndürməsi, 34 SL 313 dövlət nömrə nişanlı avtomobilin isə həmin gün saat 15:05 radələrində ViaPort Plaka Tanıma Sistemi (PTS) qeydlərinə daxil olmasıdır.
Müəyyən edilib ki, Özmen gediş və dönüş marşrutu boyunca telefonunu söndürülmüş vəziyyətdə saxlayıb, telefon xətti isə 17 avqust saat 11:05-də avtomobilin ViaPort PTS qeydiyyatı ilə uyğun şəkildə yenidən aktivləşdirilib. Bu məlumatlar əsasında Özmenin İstanbula qayıtdıqdan sonra telefonunu yenidən işə saldığı qənaətinə gəlinib.
Hilmi Tuna Kuriş və Erhan Yılmazın qeyri-rəsmi yollarla xaricə çıxarılmasına yönəlmiş təşkilatda kimlərin iştirak etdiyi, 34 SL 313 dövlət nömrə nişanlı avtomobilin hansı yolla əldə edildiyi və qaçışa yardım edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq dərinləşdirilir.
200 kiloqram qızıl ələ keçirilmişdi
“Alihan Kuriş mənfəət məqsədli cinayətkar təşkilat”a qarşı keçirilən əməliyyat zamanı saxlanılan 38 şübhəlidən 32-si həbs edilmişdi.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən əldə edilən məlumata görə, Ankara Respublika Baş Prokurorluğunun koordinasiyası ilə Ankara İl Polis İdarəsi tərəfindən Alihan Kuriş mənfəət məqsədli cinayət təşkilatına dair istintaq çərçivəsində bir ünvanda axtarış aparılıb.
Alihan Kurişin qardaşı Hilmi Tuna Kurişə qarşı aparılan axtarış zamanı həmin ünvanda mənbəyi müəyyən edilməyən 200 kiloqram külçə qızıl aşkarlanıb.
Ahmet Arif Denizolgunun ölümü ilə bağlı istintaqda da adı keçir
Keçmiş nəqliyyat naziri və “Süleymancılar” camaatının əvvəlki “lideri” Ahmet Arif Denizolgunun ölümü ilə bağlı istintaqda Denizolgunun təsərrüfatında çalışan seyis Rıfat Kadiroğlu ilk istintaq zamanı “şübhəli” qismində ifadə verib.
Rıfat Kadiroğlu ifadəsində bildirib: **“Arif bəy çıxmayanda Murata zəng etdim, Arif bəylə danışıb-danışmadığını soruşdum. Murat da mənə ‘Evə get, bax, yoxla’ dedi. Mən də qapıya getdim, qapını döydüm, heç kim açmadı. Saat 19:00 radələrində Murat yenidən mənə zəng etdi. ‘Qapını döy, səs gəlməsə, açarla içəri gir’ dedi. İçəri girdim, ikinci mərtəbəyə qalxdım. Arif Denizolgunun kresloda hərəkətsiz uzandığını gördüm. Qorxdum və çıxdım. Daha sonra nəbzini yoxladıq, ölmüşdü. Sonra Hilmi Tuna deyə çağırdıqları qardaşoğlu gəldi. Polis gələndə Hilmi bəy təsərrüfatda idi”.
Prokurorluğun müəyyən etdiyi məlumatlara görə, Denizolgunun vəfat etdiyi müəyyən edildikdən sonra ilk olaraq qardaşoğlu Hilmi Tuna Kurişə və şəxsi həkimi Nurettin Demirkola xəbər verilib. Hadisə yerinə ilk onlar gəliblər.
Polisə isə Denizolgunun tapılmasından təxminən 4 saat sonra məlumat verilib. Polis hadisə yerinə gəldikdə Hilmi Tuna Kuriş və şəxsi həkim orada olub. İlkin meyit müayinəsini də onun şəxsi həkimi həyata keçirib.
Prokurorluq həmin 4 saatlıq gecikməni də şübhəli hal hesab edir.
Mömin görüntüsü altında yatan SİRLƏR – 70 milyon dollarlıq İDDİA
