“Xalq Həyat” Sığorta Şirkəti ASC-nin 2026-cı ilin birinci yarısında həm gəlirlərini, həm sığorta haqlarını, həm də xalis mənfəətini artırıb. Bununla belə, balansın ayrı-ayrı komponentlərində yaranan dəyişikliklər, xüsusilə öhdəliklərin artması və kapitalın azalması şirkətin maliyyə dayanıqlığı baxımından diqqətə alınmalı məqamlar yaradır.
Şirkətin açıqladığı məlumatlara görə, 2026-cı ilin yanvar-iyun aylarında “Xalq Həyat”ın ümumi gəlirləri 7 milyon 755 min manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövründəki 7 milyon 262 min manatla müqayisədə 493 min manat və ya 6,8 faiz çoxdur. Gəlirlərin əsas hissəsi şirkətin birbaşa sığorta fəaliyyəti ilə bağlı əməliyyatlardan formalaşıb.
Hesabat dövründə əsas əməliyyat gəlirləri 6 milyon 324 min manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 22 min manat və ya 19,3 faiz artıb. Beləliklə, şirkətin gəlir artımının əsas mənbəyinin sığorta fəaliyyəti olduğu görünür. Əsas əməliyyat gəlirlərinin ümumi gəlirlərdə payı 81,5 faiz təşkil edib.
“Xalq Həyat” 2026-cı ilin yanvar-iyun aylarında şirkət 6 milyon 377 min manat sığorta haqqı toplayıb. Ötən ilin eyni dövründə bu göstərici 5 milyon 274 min manat olub.
Beləliklə, bir il ərzində sığorta yığımları 1 milyon 103 min manat və ya 20,9 faiz artıb. Bu göstərici şirkətin bazarda yeni müqavilələr və sığorta portfeli üzrə müəyyən genişlənmə əldə etdiyini göstərir. Eyni zamanda, ümumi sığorta bazarında yığımların 6,2 faiz artdığı nəzərə alınarsa, “Xalq Həyat”ın 20,9 faizlik artımı sektorun orta göstəricisindən yüksəkdir.
Lakin yığımların artması şirkətin bazardakı mövqeyinin əhəmiyyətli dərəcədə dəyişməsi anlamına gəlmir. “Xalq Həyat” 6 milyon 377 min manatlıq yığımla həyat və qeyri-həyat sığortası şirkətlərinin ümumi reytinqində nisbətən aşağı mövqedədir. Bu səbəbdən şirkət üçün əsas məsələ yalnız yığımların artırılması deyil, bu artımın davamlı və gəlirli biznes modelinə çevrilməsidir.
2026-cı ilin ilk altı ayında “Xalq Həyat” 2 milyon 717 min manat sığorta ödənişi həyata keçirib. Ötən ilin eyni dövründə bu rəqəm 3 milyon 207 min manat olub. Nəticədə ödənişlərin həcmi 490 min manat və ya 15,3 faiz azalıb. Eyni vaxtda sığorta haqları 20,9 faiz artıb.
2026-cı ilin ilk yarısında “Xalq Həyat” üzrə ödənişlərin yığımlara nisbəti 42,6 faiz təşkil edib. Başqa sözlə, şirkət topladığı hər 100 manat sığorta haqqına qarşı təxminən 42,6 manat sığorta ödənişi edib. Bu göstərici ümumi bazarın 63,4 faizlik orta ödəniş/yığım nisbətindən aşağıdır.
Bu, ilk baxışdan şirkətin sığorta portfelinin zərərliliyinin nisbətən aşağı olduğunu göstərir. Lakin həyat sığortasında ödənişlərin xarakteri, sığorta ehtiyatlarının formalaşması və müqavilələrin müddəti nəzərə alınmalıdır. Buna görə də yalnız bir ilin və ya yarımilin ödəniş/yığım nisbəti əsasında şirkətin risk profilinə tam qiymət vermək düzgün olmaz.
Xərclər artır
Şirkətin gəlirlərinin digər mühüm mənbəyi investisiya fəaliyyətidir. 2026-cı ilin ilk yarısında “Xalq Həyat”ın investisiya gəlirləri 922 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,4 min manat və ya 4 faiz çoxdur.
Bununla belə, investisiya gəlirlərinin artım tempinin 4 faizlə məhdudlaşması göstərir ki, şirkətin ümumi gəlir artımının əsas hərəkətverici qüvvəsi investisiya fəaliyyəti deyil, məhz əsas əməliyyat fəaliyyətidir. Bu isə biznesin əsas sığorta fəaliyyətindən gəlir yaratmaq qabiliyyətinin gücləndiyini göstərən müsbət məqamdır.
“Xalq Həyat”ın 2026-cı ilin ilk yarısında ümumi xərcləri 6 milyon 215 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 449 min manat və ya təxminən 7,8 faiz artım deməkdir.
Burada diqqətçəkən məqam əsas əməliyyat xərclərinin azalmasıdır. Şirkət əsas əməliyyat xərclərini 822 min manat azaldaraq 4 milyon 835 min manata endirib. Bununla yanaşı, işlərin aparılması xərcləri 2,4 milyon manat təşkil edib.
Şirkətin maliyyə nəticəsinin yekun göstəricisi xalis mənfəətdir. 2026-cı ilin yanvar-iyun aylarında “Xalq Həyat” 1 milyon 540 min manat xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 44 min manat və ya 3 faiz çoxdur.
Mənfəətin artım tempi gəlirlərin artım tempindən aşağıdır. Gəlirlər 6,8 faiz, əsas əməliyyat gəlirləri isə 19,3 faiz artdığı halda, xalis mənfəət yalnız 3 faiz yüksəlib. Bu, şirkətin əlavə gəlirin hamısını mənfəətə çevirə bilmədiyini göstərir.
Başqa sözlə, şirkətin gəlir yaratmaq imkanları genişlənsə də, ümumi maliyyə nəticəsinin artım sürəti daha zəifdir. Bunun əsas səbəblərindən biri ümumi xərclərin yüksəlməsi ola bilər. Bu baxımdan növbəti hesabat dövründə gəlir artımı ilə xərc artımı arasındakı nisbətin necə dəyişəcəyi mühüm olacaq.
2026-cı ilin birinci yarısının sonunda “Xalq Həyat”ın aktivləri 30 milyon 237 min manat təşkil edib. Bu, ötən ilin iyun ayının sonu ilə müqayisədə 262 min manat və ya 0,9 faiz çoxdur.
Aktivlərin artımının cəmi 0,9 faiz olması şirkətin balansının sürətli genişlənmədiyini göstərir. Eyni dövrdə sığorta yığımlarının 20,9 faiz artması fonunda aktivlərin yalnız 0,9 faiz böyüməsi ayrıca diqqət tələb edir.
Bu fərq özlüyündə mənfi hal deyil. Lakin uzunmüddətli perspektivdə sığorta portfelinin böyüməsi ilə aktivlərin, likvid vəsaitlərin və investisiya portfelinin dinamikasının bir-birinə uyğun olması maliyyə dayanıqlığı baxımından vacibdir.
Öhdəliklərin sürətli artımı əsas riskə çevrilir
Şirkətin maliyyə hesabatında ən çox diqqət tələb edən məqam öhdəliklərdir. Hesabat dövrünün sonunda “Xalq Həyat”ın öhdəlikləri 13 milyon 697 min manat olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz artıb. Yəni öhdəliklərin artım tempi həm aktivlərin, həm də gəlirlərin artımından yüksək olub.
Sığorta şirkətlərində öhdəliklərin əhəmiyyətli hissəsinin sığorta müqavilələri üzrə gələcək ödənişlərlə bağlı ehtiyatlardan ibarət olması normaldır. Buna görə öhdəliklərin artmasını avtomatik olaraq maliyyə problemi kimi qiymətləndirmək olmaz. Lakin öhdəliklərin aktivlərdən daha sürətli artması kapitalın vəziyyəti ilə birlikdə təhlil edilməlidir.
Kapitalın azalması diqqət çəkir
2026-cı ilin iyun ayının sonunda “Xalq Həyat”ın balans kapitalı 16 milyon 540 min manat təşkil edib. Bunun 15 milyon manatı nizamnamə kapitalı, 1 milyon 540 min manatı isə bölüşdürülməmiş mənfəətdir.
Burada əsas diqqət kapitalın illik müqayisədə azalmasına yönəlir. Şirkətin kapitalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 9,2 faiz azalıb. Eyni zamanda öhdəliklərin 16,7 faiz artması kapitalın balansdakı nisbi çəkisinin azalmasına gətirib çıxarıb.
Bu tendensiya növbəti dövrlərdə də davam edərsə, şirkətin maliyyə dayanıqlığı baxımından əlavə nəzarət tələb edə bilər. Xüsusilə həyat sığortası uzunmüddətli öhdəliklər yaratdığı üçün kapital bazasının kifayət qədər güclü olması mühüm əhəmiyyət daşıyır.
Beləlikləı, kapitalın azalması, öhdəliklərin 16,7 faiz artması və aktivlərin cəmi 0,9 faiz böyüməsi şirkətin diqqət yetirməli olduğu əsas məsələlərdir. Digər tərəfdən, sığorta yığımlarının həcmi hələ də böyük həyat sığortası şirkətləri ilə müqayisədə aşağıdır. Bu isə bazar payının artırılması üçün əlavə imkanların olduğunu göstərir.
Əsas risk isə artan öhdəliklər fonunda kapitalın azalmasıdır. Şirkətin növbəti mərhələdə əsas məqsədi sürətli yığım artımını qorumaqla yanaşı, kapital bazasını gücləndirmək və gəlir artımının mənfəətə çevrilmə səviyyəsini yüksəltmək olmalıdır.
“Atəşgah” Sığortada gərgin durum – İlin ilk yarısı zərərdədir
Yapı Kredi Bank Azərbaycanın gəlirləri artsa da, mənfəəti niyə azalıb?
