Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb. İttihama görə, o, Novxanıda bağ satmaq qarşılığında zərərçəkən kimi tanınan Natiq İmaquliyevdən 60 min manatdan çox pul alıb. Lakin vədinə əməl etməyib. Buna görə də Natiq İmanquliyev onun qarajına gələrək Rüfət Səfərovla mübahisə edib və nəticədə yaralanıb.

Binəqədi rayon Polis İdarəsində Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.