Sosial şəbəkələrdə əxlaq normalarını pozan daha bir tiktoker həbs olunub.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, 31 yaşlı Əsgər Əsgərov (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus “aska_asgarov999” hesabında canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da o, ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.

Faktla bağlı həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Futbolçu olan Əsgər Əsgərov ifadəsində bildirib ki, canlı yayım açdığı zaman bir nəfər onu təhqir etdiyi üçün, o da qarşılıq olaraq nalayiq ifadələr işlədib. Əsgərov əməlindən peşman olduğunu və ilk dəfədir ki, belə şey etdiyini deyərək, barəsində qanuni tədbir görülməsini istəyib.

Məhkəmənin qərarı ilə Ə. Əsgərov 20 gün müddətinə inzibati qaydada həbs edilib.