Laçın Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini və əzəli torpaqlarımızın ayrılmaz parçası olduğunu özündə yaşadan şəhərlərdən biridir. Uzun illər işğal altında qalan Laçın Vətən müharibəsində əldə olunan Zəfərdən sonra öz tarixi sahibinə qovuşdu. 2020-ci il dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması, 2022-ci il avqustun 26-da isə Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası istiqamətində mühüm hadisələr oldu.

Bu gün Laçın azadlığın, qayıdışın və yenidən dirçəlişin rəmzidir. İşğal illərinin ağır izlərini geridə qoyan şəhərdə genişmiqyaslı quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Prezident İlham Əliyevin Laçına ardıcıl səfərləri, burada həyata keçirilən layihələrin təməlini qoyması və açılışlarda iştirakı şəhərin Azərbaycanın gələcək inkişafında xüsusi yer tutduğunu göstərir. 26 Avqust – Laçın Şəhəri Günü məhz bu tarixi qayıdışın və tarixi ədalətin təntənəsini təcəssüm etdirir.

26 avqust Azərbaycan xalqının yaddaşında xüsusi tarixi və mənəvi məna daşıyan günlərdəndir. Bu tarix Laçın şəhərinin işğaldan azad edilərək Azərbaycanın dövlət suverenliyinin bərpa olunduğu gün kimi qeyd edilir. 26 Avqust – Laçın Şəhəri Günü həm tarixi ədalətin bərpasının, həm də doğma torpaqlara Böyük Qayıdışın rəmzidir.

Laçının tarixi Azərbaycan dövlətçiliyi və xalqımızın milli-mədəni irsi ilə sıx bağlıdır. 1923-cü ilədək Abdallar adlanan yaşayış məntəqəsi Laçın adı ilə tanınmağa başlamış, 1930-cu ildə isə Laçın rayonu inzibati ərazi vahidi kimi təşkil edilmişdir. Laçın zəngin təbiəti, dağlıq landşaftı, mineral bulaqları, faydalı qazıntıları və qədim tarix-mədəniyyət abidələri ilə Azərbaycanın seçilən bölgələrindən biridir.

1992-ci ilin mayında Laçın rayonunun işğalı Azərbaycan üçün ağır faciə oldu. Laçının işğalı Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantının yaranmasına səbəb olmuşdu. Sonrakı illərdə rayonun yaşayış məntəqələri dağıdıldı, tarixi-mədəni irsinə ciddi ziyan vuruldu, ərazinin təbii sərvətləri talan edildi. Azərbaycan Prezidenti İlham Əliyev də Laçının işğalının həmin dövrün siyasi hadisələri kontekstində xüsusi məna daşıdığını vurğulayıb və Laçının ermənilərə təhvil verilməsinin arxasında siyasi niyyətlərin dayandığını bildirib.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbə Laçının taleyində də dönüş nöqtəsi yaratdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Laçın rayonunun 1 dekabr 2020-ci ilədək Azərbaycana qaytarılması nəzərdə tutulmuşdu. Nəticədə həmin tarixdə Laçın rayonu Azərbaycana qaytarıldı. Lakin Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri həmin mərhələdə Azərbaycanın nəzarətinə keçməmişdi. Bu məsələnin həlli üçün Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun çəkilməsi mühüm addım oldu. Prezident İlham Əliyevin sözlərinə görə, razılaşmada yeni yolun çəkilməsi ilə bağlı daha uzun müddət nəzərdə tutulsa da, Azərbaycan layihəni daha qısa müddətdə həyata keçirdi. Nəhayət, 26 avqust 2022-ci ildə Azərbaycan Ordusu Laçın şəhərinə, Zabux və Sus kəndlərinə daxil oldu. Beləliklə, Laçın rayonunun bütövlükdə Azərbaycanın nəzarətinə keçməsi təmin edildi. Prezident İlham Əliyevin sərəncamı ilə 26 avqust Laçın Şəhəri Günü kimi təsis edildi. Bu hadisə yalnız hərbi-siyasi qələbə deyil, həm də uzun illər doğma yurd həsrəti ilə yaşayan laçınlıların arzusunun gerçəkləşməsi idi. 30 ildən artıq davam edən ayrılıqdan sonra Azərbaycan bayrağı Laçın şəhərinin mərkəzində yenidən ucaldıldı.

Laçının azad edilməsindən sonra Prezident İlham Əliyevin bu qədim şəhərə səfərləri onun rayonun bərpası və inkişafına verdiyi xüsusi əhəmiyyətin göstəricisinə çevrilib. Azadlıqdan sonra Prezidentin Laçına ilk səfərlərindən biri 2022-ci ilin sentyabrında baş tutdu. Dövlət başçısı şəhərdə Azərbaycan Bayrağını ucaltdı və Laçının gələcəkdə əbədi olaraq Azərbaycanın tərkibində yaşayacağını bəyan etdi. Bu səfər həm siyasi, həm də mənəvi baxımdan böyük rəmzi əhəmiyyət

2023-cü il mayın 27-də Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan sakinlərlə görüşərək onlara yeni mənzillərin açarlarını təqdim etdi. Bununla Laçında Böyük Qayıdışın mühüm mərhələsi başlandı. Keçmiş məcburi köçkünlərin öz doğma şəhərlərinə qayıtması Laçının yalnız fiziki olaraq deyil, sosial və demoqrafik baxımdan da dirçəlməsinin əsas göstəricilərindən biri oldu.

Laçının inkişafında iqtisadi layihələr də mühüm yer tutur. Yeni istehsal müəssisələrinin, enerji obyektlərinin, turizm infrastrukturunun yaradılması rayonun iqtisadi potensialının üzə çıxarılmasına xidmət edir. Laçının təbii gözəllikləri, dağları, meşələri, bulaqları və tarixi abidələri onun gələcəkdə Azərbaycanın mühüm turizm mərkəzlərindən birinə çevrilməsi üçün böyük imkanlar yaradır.

Bu gün Laçın yalnız azad edilmiş ərazi kimi deyil, sürətlə yenidən qurulan və gələcəyə istiqamətlənən müasir şəhər kimi formalaşır. Şəhərdə yaşayış binaları, sosial obyektlər, yollar, mühəndis-kommunikasiya sistemləri və digər infrastruktur yenidən qurulur. 2023-cü il mayın 27-dən etibarən keçmiş məcburi köçkünlərin Laçın şəhərinə qayıdışı başlayıb və bu proses davam edir.

 

Aybəniz Rüstəmova

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq

kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent