“Tamstore” marketlər şəbəkəsi barədə şikayətlər niyə səngimir.
Heftelik.az xəbər verir ki, 2025-ci ilin avqustunda “TamStore” mağazası barədə müştəriləri çəkidə, qiymətdə aldadıldığı üçün barəsində protokol tərtib edilib.
Tələbi pozulan maddəyə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda (“az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür) aldadılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “TamStore”la bağlı iş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.
2025-ci ilin oktyabrında Rəna Şabanova ictimailəşdirib bildirib ki, market 10 manatlıq alış-verişdə endirim edəcəyini desə də, kassada məlum olur ki, belə deyil:
“Bu gun” TamStore” marketdən aliş-veriş etmişdim. Aksiyada elan etmişdilər ki, 10 manatdan yuxarı alış-verlişdə endirimli məhsullar var. Kassada məlum oldu ki, 10 manatdan yuxarı məhsullardan əlavə də daha 10 manatlıq aliş-veriş olmalıdır ki, məhsullar endirimə düşsün. Amma reklam bukletində bunu qeyd edilməyib”.
Şikayətçi Rəna Şabanova alıcıların aldanmaması üçün bu məlumatı patlaşdığını bildirib və qeyd edib ki, ehtiyatlı olun.
2025-ci ilin npyabrında “TamStore” marketlər şəbəkəsi ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib. Marketlər şəbəkəsinin gömrük qaydalarını pozduğu məlum olub. “TamStore” İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“TamStore” ilə bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.
2025-ci ilin dekabrında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Tamstore” mağazalar şəbəkəsinə böyük məbləğdə cərimə yazıldığı barədə məlumat yayılıb. Şəbəkənin Səbail rayonunda yerləşən filiallarından birində “CHABİANT QİRMİZİ ŞERAB 40İL YOBİLEY 0.75L” adlı məhsulun qiymət kağızında endirimli qiymətin 10.99 manat göstərilməsinə baxmayaraq kassada 24.00 manata satılıb. 12 avqust 2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə protokol tərtib edilib.
İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmə şəbəkəni 4 min manat miqdarında cərimə edib.
2026-cı ilin yanvarında Emin Səfərov mətbuata şikayətində bildirib ki, marketdən yer fıstığı alarkən vitrində göstərilən qiymətlə kassada tətbiq olunan qiymət arasında 7 qəpik fərq olub. Vətəndaş qeyd edir ki, məsələ məbləğin azlığında deyil, bu cür halların müntəzəm təkrarlanmasındadır.
2026-ci ilin fevralında məlum olub ki, “Tamstore” marketlər şəbəkəsi istehlakçıları çəkidə, qiymətdə aldatdığı üçün barəsində cərimə protokolu imzalanıb. “Tamstore” İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 447.0.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “Tamstore”la bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib.
2026-cı ilin martında İnstaqramın “Nə yeyib, nə içirik?” adlı səhifəsi “TamStore” supermarketlər şəbəkəsindəki rüsvayçı vəziyyəti ictimailəşdirib.
Mart ayında “TamStore” supermarketlər şəbəkəsində üzərində heç bir etiket olmayan, adı, tərkibi və istehsal tarixi göstərilməyən kolbasaların satıldığı məlum olub.
Belə ki, “İnstaqram” sosial şəbəkəsində fəaliyyət göstərən “Nə yeyib, nə içirik?” adlı səhifənin hazırladığı videodan aydın olur ki, bu cür kolbasalar digər, markası məlum olan məhsullara bitişik şəkildə, hədiyyə adı ilə satılır. Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, markalanmamış məhsulların satışı qadağandır:
“Nazirlər Kabinetinin 94 saylı qərarında, “Yeyinti məhsulları haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda birmənalı şəkildə göstərilir ki, ölkənin əmtəə bazarında satılan bütün ərzaq malları markalanmalıdır.
Hər bir məhsulun üzərində onun istehsal tarixi, son istifadə müddəti və digər zəruri məlumatlar göstərilməlidir.
Qida Təhlükəsizliyi Agentliyi bir il öncə markalanma və məhsul tərkibi ilə bağlı araşdırmalara başlayıb. Lakin bu proses ardıcıl aparılmayıb.
Halbuki bu yoxlamalar davamlı olmalı, məlumatlar mütəmadi şəkildə nəzarətdə saxlanılmalı idi. Əslində, AQTA-nın icazəsi olmadan heç bir məhsul marketlər şəbəkəsinə daxil ola bilməz. Etiketsiz məhsulların marketlərdə satışa çıxarılması qəbuledilməzdir. Markalanmamış mallar əsasən meyvə-tərəvəz dükanlarında və kiçik marketlərdə satılır. Böyük supermarketlərdə belə halların aşkarlanması isə yolverilməzdir”.
Bu gün isə sosial şəbəkələrdə “Tamstore” supermarketlər şəbəkəsinin keçirdiyi endirim və hədiyyə kampaniyası ilə bağlı yayılan görüntülər ciddi narazılıq və müzakirələrə səbəb olub. Belə ki, mağazanın 100-cü filialının açılışı münasibətilə elan edilən “100 məhsulda 1-i alana 2-cisi pulsuz”, həmçinin müxtəlif endirim və hədiyyə kampaniyaları zamanı böyük sıxlıq və xaos yaşanıb. Lakin videonu çəkən və kampaniyada iştirak edən vətəndaşlar sosial şəbəkələrdə iddia edirlər ki, reklam edilən şərtlər reallığı əks etdirmir və bu, sadəcə aldadıcı addımdır.
Görüntülərdə marketin daxilində və girişində yaranan böyük basabas, eləcə də vətəndaşların narazı səsləri açıq şəkildə əks olunub.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Xatırladaq ki, “TamStore” supermarketlərinin sahibi olan “TamStore” MMC “Avrora Qrup” tərəfindən 2023-cü ildə yaradılıb. “TamStore” MMC-nin qanuni təmsilçisi Ceyhun Yusubov Lətif oğludur.
“Avrora Group”un qanuni təmsilçisi Samir Natiq oğlu Əliyev, baş direktoru isə Ceyhun Yusubovdur.
