Kino tarixində milyardlarla dollar qazanan filmlər çox olsa da, inflyasiya nəzərə alındıqda siyahının ilk pillələrində yalnız müasir blokbasterlər yer almır. Hətta ötən əsrin ortalarında çəkilən bəzi filmlər bugünkü pulla hesablandıqda “Avatar” və “Avengers” kimi layihələri geridə qoyur.
Heftelik.az Lent.az-a istinadən inflyasiya nəzərə alınmaqla dünya kino tarixində ən çox gəlir gətirən filmləri təqdim edir.
“Küləklə sovrulanlar” – 1939
Filmin inflyasiya nəzərə alınmaqla gəliri təxminən 4,56 milyard dollar hesablanır. ABŞ-da Vətəndaş müharibəsi dövründə ailəsinin gələcəyi uğrunda mübarizə aparan gənc qadının həyatından bəhs edən ekran işi ilkin olaraq təxminən 393 milyon dollar gəlir əldə edib. Filmin büdcəsi isə cəmi 3,9–4,25 milyon dollar olub.
“Avatar” – 2009
Ceyms Kemeronun məşhur fantastik filmi inflyasiya nəzərə alınmaqla təxminən 4,15 milyard dollar gəlir əldə edib. Filmin real kassa gəliri təxminən 2,92 milyard dollar, büdcəsi isə 237 milyon dollar olub.
“Titanik” – 1997
Leonardo Dikaprio və Keyt Uinsletin baş rollarda çəkildiyi film inflyasiya nəzərə alınmaqla təxminən 3,86 milyard dollar gəlir gətirib. Filmin nominal kassa gəliri 2,25 milyard dollardan çox olub.
“Ulduz müharibələri: Epizod IV – Yeni ümid” – 1977
Filmin inflyasiya nəzərə alınmaqla gəliri təxminən 3,74 milyard dollar hesablanır. Film 11 milyon dollarlıq büdcə ilə çəkilib və təxminən 775 milyon dollar gəlir əldə edib.
“Qisasçılar: Final” – 2019
Marvel kainatının ən uğurlu filmlərindən biri olan “Avengers: Endgame” inflyasiya nəzərə alınmaqla təxminən 3,44 milyard dollarlıq nəticə göstərib. Filmin real kassa gəliri təxminən 2,8 milyard dollar olub.
“Musiqinin səsi” – 1965
Məşhur filmin bugünkü pulla hesablanan gəliri təxminən 3,14 milyard dollardır. Film 8,2 milyon dollar büdcə ilə çəkilib və zamanında təxminən 286 milyon dollar qazanıb.
“Yadplanetli” – 1982
Stiven Spilberqin məşhur “E.T.” filmi inflyasiya nəzərə alınmaqla təxminən 3,06 milyard dollar gəlir əldə edib. Filmin büdcəsi 10,5 milyon dollar, ümumi kassa gəliri isə təxminən 797 milyon dollar olub.
“On əmr” – 1956
Bibliya mövzusunda çəkilən film inflyasiya nəzərə alınmaqla təxminən 2,90 milyard dollar gəlir gətirib. Ekran işi Musa peyğəmbərin yəhudiləri Misir əsarətindən azad etməsindən bəhs edir.
“Doktor Jivaqo” – 1965
Film inflyasiya nəzərə alınmaqla təxminən 2,74 milyard dollar gəlir əldə edib. 11 milyon dollarlıq büdcə ilə çəkilən ekran işi təxminən 112 milyon dollar kassa gəliri qazanıb.
“Ulduz müharibələri: Güc oyanır” – 2015
Siyahını təxminən 2,7 milyard dollarlıq inflyasiyaya uyğunlaşdırılmış gəlirlə “Ulduz müharibələri: Güc oyanır” tamamlayır. Filmin nominal kassa gəliri təxminən 2,07 milyard dollar, büdcəsi isə 245 milyon dollar olub.
