“Qanun” nəşriyyatının tərcüməçisi Ziya Muradov ölüb.
Heftelik.az xəbər verir ki, bu barədə sosial şəbəkədə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu məlumat paylaşıb.
İlkin məlumata görə, Ziya Muradov Quba ərazisində 17 nəfərlik turist qrupu ilə dağ yürüşündə olarkən həyatını itirib. Hadisə ilə bağlı məlumatın indiyədək ictimaiyyətə açıqlanmadığı bildirilir.
Lent.az mərhumun ailə üzvləri ilə əlaqə saxlayıb. Ziya Muradovun bacısı Aytən xanım bildirib ki, hazırda Parisdə yaşayır və qardaşının ölüm xəbərini aldıqdan sonra ailəsinin yaşadığı Qazax şəhərinə gəlib.
Onun sözlərinə görə, ailə Ziya Muradovun ölümünün bəzi məqamlarının müəmmalı olduğunu düşünür və hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edib.
Mərhumun bacısı Ziya Muradovun ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi məqsədilə qəbrin ekshumasiya olunmasını istədiklərini də bildirib.
Hüquq-mühafizə orqanlarından Lent.az-a bildirilib ki, Ziya Muradov ürək tutmasından dünyasını dəyişib.
Hadisə avqustun 2-də Qubanın Xanagah kəndi ərazisində, dağ yürüşü zamanı baş verib.
Hazırda faktla bağlı prokurorluq tərəfindən araşdırmalar davam etdirilir.
