Mərmərə dənizində 10 nəfərlik heyəti olan gəminin batdığı ehtimal edilir.

Heftelik.az xəbər verir ki, bu barədə Türkiyə Dənizçilik Baş İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, Mərmərə dənizində “Tuğberk İmamoğlu” quru yük gəmisi ilə ALSU tankeri toqquşub.

Qəza saat 03:15 radələrində Silivri sahillərindən təxminən 18 mil aralıda baş verib. İskəndərundan Karadeniz Ereğliyə 4 199 ton rulon polad daşıyan “Tuğberk İmamoğlu” gəmisində 10 nəfərlik heyət olub.

Toqquşmadan sonra “Tuğberk İmamoğlu” gəmisindən heç bir cavab alınmayıb. Heyət üzvlərinin mobil telefonlarına edilən zənglər də cavabsız qalıb. Bu səbəbdən gəminin batdığı ehtimal edilir.

Gəmiyə məxsus xilasetmə vasitələri dəniz səthində aşkarlanıb. Lakin onların içərisində heyət üzvlərindən heç biri müəyyən edilməyib.

Hazırda hadisə yerində 14 axtarış-xilasetmə vasitəsi, bir helikopter və ALSU tankeri iştirak edir. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.