Danimarkanın “Midtyullann” komandasından “Trabzonspor”a keçən Frankulinu Cu Türkiyə təmsilçisinin tarixində ən bahalı transfer olub.

Heftelik.az Report-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçunun transferi üçün Danimarka təmsilçisinə zəmanətli 17 milyon avro ödəniləcək.

Bu göstərici ilə o, 15 milyon avroya keçid edən Aral Şimşiri geridə qoyub. Tərəflər arasında “4+1” illik müqavilə imzalanıb.

Danimarkanın “Bold” nəşrinin məlumatına görə, müqavilədə 8 milyon avro bonus şərti də yer alıb. Şərtlər yerinə yetiriləcəyi təqdirdə, ödəniş 25 milyon avroya çatacaq.

Hücumçunun fərdi göstəriciləri və Türkiyə klubunun idman nəticələrindən asılı olan əlavə 5 milyon avro bonusla ümumi məbləğ 30 milyon avroya qədər yüksələ bilər.

Transfer məbləğinin 5 il ərzində 8 hissəyə bölünərək ödəniləcəyi bildirilib. “Midtyullann” oyunçunun növbəti satışından əldə olunacaq mənfəətin 15 faizinə də sahib olacaq.

Forvarda ilk 4 mövsümün hər biri üçün 2 milyon 125 min avro veriləcək. Sözləşmədəki 1 illik əlavə şərtdən istifadə olunacağı təqdirdə, onun 2030/2031 mövsümündəki qazancı 2 milyon 406 min 250 avro təşkil edəcək.

Qeyd edək ki, dəyəri 22 milyon avro qiymətləndirilən Qvineya-Bisau millisinin üzvü “Midtyullann” forması ilə çıxdığı 117 matçda 58 qol vurub və 15 məhsuldar ötürmə edib. “Benfika”nın (Portuqaliya) yetirməsi olan hücumçu karyerası ərzində meydana çıxdığı 142 qarşılaşmada 73 qol vurub, 19 məhsuldar ötürmə ilə yadda qalıb. O, Qvineya-Bisau yığmasında 14 oyunda 1 dəfə fərqlənib.