İran Qızıl Aypara Cəmiyyəti ABŞ-ın İranın Hörmüzqan əyalətində toy mərasimi keçirilən evə hücumu ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Prokurorluğuna müraciət edib.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Əlaqələr və Humanitar Hüquq üzrə müavini Raziyə Əlişvəndi açıqlayıb.

Onun sözlərinə görə, Haaqadakı BCM Prokurorluğuna göndərilən məktubda baş verən hadisə ilə bağlı ilkin məlumatlar təqdim olunub. Məktubda hadisənin Roma Statutunun hücumlarla bağlı müddəalarına uyğun olub-olmamasının hüquqi baxımdan qiymətləndirilməsi tələb edilib.

Əlişvəndi bildirib ki, ABŞ-nin İrana son hücumları zamanı Hörmüzqan əyalətinin Kuheştek şəhərində toy mərasimi keçirilən evə mərmi düşüb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində 4 nəfər ölüb, 67 nəfər yaralanıb.

O vurğulayıb ki, mülki şəxslərin olduğu evin hədəfə alınması və ölənlər arasında uşağın olması hadisə ilə bağlı müstəqil və effektiv araşdırmanın təcili aparılmasını zəruri edir.