Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Türkiyənin Kahramanmaraş şəhərində həyata keçirdiyi “Azərbaycan” yaşayış məhəlləsi layihəsi üzrə işlərin bir neçə ay ərzində tam başa çatdırılması planlaşdırılır.
Heftelik.az xəbər verir ki, bu barədə MİDA-nın Aparat rəhbəri Cəmşid Əmirov APA-ya bildirib.
O qeyd edib ki, “Azərbaycan” yaşayış məhəlləsində Heydər Əliyev adına ibtidai məktəbin, uşaq bağçasının, eləcə də ümumilikdə 26 yaşayış binasından ibarət 4 kvartalın tikintisi artıq tam başa çatdırılıb.
Hazırda məhəllədə Mədəniyyət Mərkəzinin tikintisi davam etdirilir.
C. Əmirovun sözlərinə görə, layihə üzrə digər tikinti işləri də davam edir və nəzərdə tutulan işlərin bir neçə ay ərzində yekunlaşdırılması gözlənilir.
Qeyd edək ki, Kahramanmaraş şəhərində yerləşən “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 27,6 hektardır. Layihə çərçivəsində 68 yaşayış binasında ümumilikdə 1 194 mənzilin, həmçinin ibtidai məktəb, uşaq bağçası və Mədəniyyət Mərkəzinin tikintisi nəzərdə tutulur.
