1960-cı illərdə uşaqlar üçün səhər yeməyi bazarında əsl inqilab baş verdi. Evdə hazırlanan yeməklərin yerini tez hazırlanan şirin səhər yeməkləri tutmağa başladı.

1960-cı illərdə ABŞ-da səhər yeməyi vərdişləri sürətlə dəyişirdi. Ənənəvi ev yeməklərinin yerini tez hazırlanan məhsullar, rəngarəng reklamlar və şirin səhər yeməyi lopaları aldı. Bu dəyişiklik bütöv bir nəslin səhər qidalanma vərdişlərinə təsir etdi.

Heftelik.az Lent.az-a istinadən həmin dövrdə amerikalı uşaqların böyüdüyü ən məşhur 10 səhər yeməyini təqdim edir.

1. Carnation Instant Breakfast – paketdə hazır səhər yeməyi

Daim məşğul olan valideynlər üçün bu məhsul əsl xilasa çevrilmişdi. Quru tozu sadəcə südə qatıb qarışdırmaq kifayət edirdi.

İstehsalçılar bildirirdilər ki, bu içki tam səhər yeməyini əvəz edə bilər. Onların iddiasına görə, içkinin tərkibində iki toyuq yumurtasındakı qədər zülal, bir stəkan təzə şirədən isə daha çox C vitamini var idi.

Uşaqlar isə xüsusilə şokoladlı çeşidin zəngin dadını çox sevirdilər.

2. Kellogg’s qarışıq səhər yeməyi lopaları

Uşaqlar üçün əsl xəzinə müxtəlif növ quru səhər yeməklərinin birlikdə təqdim edildiyi qutular idi.

Bu qutulara düyü lopaları, rəngli meyvə halqaları, şirin qarğıdalı dənəcikləri və kişmişli kəpək məhsulları daxil edilirdi.

Bacı-qardaşlar arasında sevimli paketini birinci seçmək uğrunda səhərlər hətta mübahisələr də yaranırdı.

3. Pələngli Frosted Flakes

Qutusunda şən Toni pələnginin təsvir olunduğu məşhur qarğıdalı lopaları məhz 1960-cı illərdə böyük populyarlıq qazandı.

O dövrdə məhsul rəsmi olaraq şəkərlə örtülmüş qarğıdalı lopaları kimi təqdim edilirdi. Maraqlıdır ki, istehsalçılar məhsulun yüksək şəkər tərkibini gizlətmirdilər, əksinə, reklam kampaniyalarında bunu xüsusi vurğulayırdılar.

4. Dovşanlı Trix

General Mills şirkəti ABŞ-da parlaq meyvə dadına malik ilk səhər yeməyi lopalarından birini bazara çıxardı.

Məhsulun satışında əsas rol 1960-cı ildə qablaşdırmalarda görünməyə başlayan cizgi filmi üslubunda hazırlanmış dovşan obrazına məxsus idi.

Daha sonra brend hətta uşaqlar arasında əyləncəli səsvermələr təşkil edirdi. Uşaqlardan soruşulurdu ki, dovşana nəhayət bu şirin məhsuldan dadmağa icazə verilsin, yoxsa yox.

5. Kapitanlı Cap’n Crunch

Quaker Oats şirkətinin marketoloqları məhsulun qeyri-adi xırtıldayan teksturasına və cizgi filmi kapitanına üstünlük verdilər.

Araşdırmalar göstərirdi ki, uşaqlar süddə yumşalıb islanan səhər yeməyi lopalarını sevmirlər. Buna görə Cap’n Crunch məhsulunun uzun müddət xırtıldayan qalması onun əsas üstünlüklərindən biri kimi təqdim edilirdi.

Lakin quru hissəciklərin sərt olması səbəbindən bəzi uşaqlar damaqlarının cızılmasından da şikayət edirdilər.

6. Alma dadlı halqalar

1965-ci ildə bazara alma və darçın dadına malik xırtıldayan halqalar çıxarıldı. Məhsulun reklam üzü papaqlı əyləncəli bir obraz idi.

Dadından əlavə, həmin illərin reklam kampaniyalarında uşaqlar arasında zorakılığa və təhqirə qarşı sosial mesajlar da yer alırdı.

Bu səbəbdən məhsul həmin dövrdə böyüyən bir çox insanda xoş xatirələrlə yadda qalıb.

7. Yulaf sıyığı

Klassik yulaf sıyığı isə öz populyarlığını itirməmişdi.

1960-cı illərdə bu sağlam yeməyin reklamları əsasən analara ünvanlanırdı. Reklamlarda yulaf sıyığının uşaqların sağlam və güclü böyüməsinə kömək etdiyi vurğulanırdı.

Uşaqların sıyığı daha həvəslə yeməsi üçün analara onun üzərinə müxtəlif meyvələr, hətta ananas parçaları əlavə etmək tövsiyə edilirdi.

8. Honeycomb – bal pətəyi formalı lopalar

Bal pətəyi formasında olan şirin Honeycomb lopaları 1960-cı illərin ortalarında bazara çıxdı və qısa zamanda məktəblilər arasında populyarlaşdı.

Uşaqları təkcə məhsulun şirin dadı deyil, qutuların içərisində yerləşdirilən sürprizlər də cəlb edirdi.

Hər qutunun içərisində kiçik kolleksiya oyuncaqları, məsələn, miniatür avtomobillər ola bilərdi.

9. Alpha-Bits – hərf formalı səhər yeməyi

Bu məhsul əyləncə ilə öyrənməyi bir araya gətirirdi.

İngilis əlifbasının hərfləri formasında hazırlanan lopalar uşaqlara səhər yeməyi yeyərkən boşqablarında sözlər düzəltməyə imkan verirdi.

Bu format tarixdə ilk interaktiv və öyrədici səhər yeməklərindən biri hesab edilirdi.

10. Ənənəvi yumurta səhər yeməyi

Həftəiçi uşaqlar tez hazırlanmış lopaları südlə yeyib məktəbə tələsirdilərsə, həftəsonları daha doyumlu səhər yeməyi üçün vaxt ayrılırdı.

Yumurta qızardılır, yanında xırtıldayan bekon, tost, kolbasa və ya qızardılmış ət təqdim edilirdi.