Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri, keçmiş təhsil naziri Misir Mərdanov “Pozan” layihəsinə müsahibəsində təhsillə bağlı bir sıra məsələlərə toxunub, maraqlı fikirlər səsləndirib.
Heftelik.az Bakupost.az-a istinadən xəbər verir ki, aparıcının “Deyirlər, siz şəxsən insanları qəbul edirdiniz. Amma yeni binaya köçəndən sonra heç kimi qəbul etməməyə başladınız və bu işi köməkçinizə həvalə etdiniz” sualına Misir Mərdanov belə cavab verib:
“Birincisi, Hökumət Evində hamını zala yığırdıq, özüm qəbul edirdim. Sonra gördüm ki… Bilirsiniz, insanlar çox qəribədir. Bir az sərbəstlik verən kimi həddi aşırdılar. Adamları öyrədirdilər, öyrədilmiş adamlar göndərirdilər ki, məni əsəbləşdirsinlər, təhqir etsinlər. Onda mən köməkçilərimə tapşırdım.
Hətta mən o zaman hər institutdan bir nəfər olmaqla Respublika Tələbə Şurası yaratmışdım. Tələbələrlə əlaqə saxlayırdım ki, orada olan məsələləri mənə tələbə kimi desinlər. Şuranın sədri də həmişə öz yanımda olurdu. Cavan oğlan idi, bir yerdə gedib-gəlirdik. Oğlum kimi baxırdım, hörmət edirdim. Bir də gördüm ki, həmin uşaq qəzetlərdən birində mənim haqqımda mənfi bir məqalə yazıb. Ondan sonra çox şeyə inam itdi. Yəni belə şeylər olurdu. Amma o yalandır ki, mən heç kimi qəbul etmirmişəm. Köməkçimi göndərirdim, şöbə müdirimi göndərirdim, gedib dinləyirdi. Kimlərin problemi mənlik idisə, həll edirdim. Kimlərin problemini nazir müavini, idarə rəisi həll edə bilərdisə, onları da onun yanına göndərirdilər”.