Azərbaycana idxal edilən alkoqollu içkilər üçün gömrük rüsumu dəyişib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
qərara əsasən, ölkəyə idxal ediləm şərab üçün idxal gömrük rüsumu 31 dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 3,0 ABŞ dollarından az olmamaqla tətbiq ediləcək.
Hazırda ölkəyə idxal edilən şərabların 1 litri üçün 1,4 ABŞ dolları alınır.
Spirtin faktiki qatılığı 18 həcm % və ya daha az olan şərablar üçün də dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 2,0 ABŞ dollarından az olmamaqla tətbiq ediləcək. Hazırda ölkəyə idxal edilən spirtin faktiki qatılığı 18 həcm % və ya daha az olan şərablar 1 litri üçün 1 ABŞ dolları alınır.
Hazırda idxal gömrük rüsumu tətbiq edilməyən qıcqırma prosesində olan və ya qıcqırması spirtin əlavə edilməsindən fərqli üsulla dayandırılmış şərablar üçün də 31 dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 3,0 ABŞ dollarından az olmamaqla gömrük rüsumu tətbiq ediləcək.
Hazırda 20°C temperaturda sıxlığı 1,33 q/sm3 və ya daha az olan və tərkibində spirtin faktiki qatılığı 1 həcm %-dən çox olmayan qatılaşdırılmış şərablar üçün 15 faiz idxal gömrük rüsumu qüvvədədir.
Dəyişikliyə əsasən, bu şərablar üçün də 31 dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 3,0 ABŞ dollarından az olmamaqla gömrük rüsumu tətbiq ediləcək.
Azərbaycana idxal edilən konyak, viski, rom, cin və ardıc tinkturası, vodka, likörlə, araq üçün idxal gömrük rüsumu 31 dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 4,0 ABŞ dollarından az olmamaqla tətbiq ediləcək. Hazırda bu içkilərin 1 litri üçün idxal gömrük rüsumu 2 ABŞ dollarıdır.
Bu Qərar dərc edildiyi gündən 90 (doxsan) gün sonra qüvvəyə minir.
