“Faciəli şəkildə dünyasın dəyişən iki gəncin ölümündən fərasətlə sıyrılan “pullu kişilər” və onların marağına xidmət edən Azərbaycan Dövlət Televiziyası! Süjetə baxanda müxbirin yerinə xəcalət çəkdim. Qırılmış trosu “güclü külək və bir növ təlaş vəziyyətin olaraq” …Gənclər isə guya əvvəlcədən “ölə biləcəklərinə dair” hansısa sənədə imza atıblar. Nə qədər saxta, nə qədər bayağı, nə qədər sonradan qurulmuş təsir bağışlayan izahlardır bunlar!”.Heftelik.az xəbər verir ki, bunu ABŞ-də yaşayan jurnalist Qənirə Ataş bildirib.
O qeyd edib ki, hadisə ilə bağlı əsas suallar cavabsız qalmamalıdır:
“Deməli, artıq Azərbaycanda ölünün özünü müdafiə etmək imkanı olmadığı üçün onun adına hər şeyi demək, hətta lazım gəlsə, qarşısına bir “imza” da qoymaq mümkündür? Ortada iki insanın ölümü var. Cavab verilməli əsas suallar isə çox sadədir: təhlükəsizlik qaydalarına əməl olunubmu? Avadanlıq texniki baxışdan keçibmi? Tros hansı vəziyyətdə olub? Bu qurğunun işlədilməsinə kim icazə verib? Kim nəzarət edib? Kim məsuliyyət daşıyır? Bunların əvəzinə günahı ölənlərin boynuna, səbəbi isə küləyin ayağına yazmaqla məsələ bağlana bilməz. İstirahət mərkəzinin arxasında kim dayanırsa-dayansın məmur, imkanlı biznesmen, yaxud hansısa nüfuzlu şəxslə əlaqəsi olan sahibkar iki gəncin ölümü heç kimin biznesini və reputasiyasını xilas etmək naminə ört-basdır edilə bilməz. Əgər həmin müəssisənin səhlənkarlığı varsa, bunun hüquqi məsuliyyəti müəyyənləşdirilməlidir. Mən bunu təsadüfən demirəm. Jurnalist işlədiyim illərdə Nabranda buna bənzər hadisəni araşdırmışdıq. Körpə bir uşaq hovuzun mühərrikinə düşmüşdü. İllər keçir, amma eyni tip faciələr yenə baş verir. Çünki dünən baş verən hadisənin məsuliyyəti ört-basdır ediləndə, sabahkı faciənin yolu açılır. Şəkidə baş verən hadisə də sonuna qədər, müstəqil və ciddi şəkildə araşdırılmalıdır. İki gənc həyatını itirib. Onlar artıq danışa, özlərini müdafiə edə bilmirlər. Buna görə də ən asan yol günahı ölülərin üstünə atmaqdır. Amma ölülərin susması heç kimə yalan danışmaq, məsuliyyətdən yayınmaq və faciəni ört-basdır etmək haqqı vermir. Bu işin üstü örtülərsə, məsələ yalnız bu iki gəncin ölümü ilə bitməyəcək. Sabah başqa bir ailənin qapısına eyni faciə gələcək. İnsan həyatı heç kimin biznesindən qiymətsiz deyil. Gedənlər siz yazın. Ölümünüzün ola biləcəyimə dair sənədə imza atmışdız?”
