Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənclərin iqlim fəaliyyətində fəal iştirakının təşviqi və gənc iqlim liderlərinin təşəbbüslərinin beynəlxalq iqlim gündəliyinə inteqrasiyası məqsədilə Gənclər Forumu keçirilib.

Heftelik.az xəbər verir ki, gənc iqlim liderləri, beynəlxalq və yerli təşkilatlar, dövlət və özəl sektor nümayəndələri kimi müxtəlif tərəfləri bir araya gətirən Forum çərçivəsində iqlim öhdəliklərinin konkret fəaliyyətə çevrilməsi, inklüziv iqlim siyasəti, eləcə də süni intellekt və yeni texnologiyaların iqlim fəaliyyətində yaratdığı imkanlar və çağırışlar müzakirə olunub.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev yaşıl keçidin həyata keçirilməsində fəal iştirak etmələri üçün gənclərin müvafiq bilik və bacarıqlarla hazırlanması vacibliyini vurğulayıb. M. Babayev bildirib ki, bu yanaşma çərçivəsində gənclərin təhsil və bacarıqlarının inkişaf etdirilməsi də COP29-un əsas istiqamətlərindən biri kimi diqqət mərkəzində olub.

Ardınca, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Azərbaycanın iqlim gündəliyində uşaqların və gənclərin məsələlərinə xüsusi əhəmiyyət verdiyini, onların səs və baxışlarının beynəlxalq platformalarda eşidilməsinə, eləcə də mühüm qərarların formalaşdırılmasında nəzərə alındığını və bu istiqamətdə səylərin davam etdiriləcəyini qeyd edib.

COP31-in baş icraçı direktoru və Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Fatma Varank gəncləri iqlim gündəliyinə töhfə verməyə çağıraraq, onların fikir və təkliflərinin COP31 sənədlərində əks olunacağını bildirib.

COP31 Sədrliyinin Gənclər üzrə İqlim Çempionu Sally Higgins çıxışında gənclərin dünyanın ən böyük nəsli olaraq iqlim gündəliyindən kənarda qala bilməyəcəyini vurğulayıb və onları gələcəyin formalaşdırılmasında müşahidəçi mövqeyində qalmaq əvəzinə, fəal dəyişiklik yaradan tərəf olmağa çağırıb.

“Öhdəliklərdən icraya: COP31-ə gedən yolda” mövzusunda baş tutan ilk dəyirmi masa iqlim öhdəliklərinin praktiki və ölçülə bilən fəaliyyətə çevrilməsi məsələsinə həsr olunub. Dəyirmi masada innovasiya və qlobal öhdəliklərin yerli səviyyədə real layihələrə və investisiyalara çevrilməsi mexanizmləri, o cümlədən inklüzivlik, genderə həssas iqlim siyasəti, uşaqların ehtiyaclarını nəzərə alan maliyyələşmə kimi bir-biri ilə əlaqəli istiqamətlər nəzərdən keçirilib. Gənclər, BMT nümayəndələri və enerji sektorunun təmsilçilərinin iştirakı ilə keçirilən müzakirədə iqlim fəaliyyətinin təhsil, icma, enerji və digər sahələrdə praktiki icrasına dair yanaşmalar da diqqət mərkəzində olub.

İkinci dəyirmi masada süni intellektin iqlim fəaliyyətində yaratdığı imkan və çağırışlar müzakirə olunub. Müzakirələrdə süni intellekt və digər yeni texnologiyaların iqlim həllərinin hazırlanması, resurslardan səmərəli istifadə və innovasiyaların geniş miqyasda tətbiqi baxımından yaratdığı imkanlarla yanaşı, bu texnologiyaların məhdudiyyətləri və məsuliyyətli idarə olunması məsələləri də nəzərdən keçirilib.

Qeyd edək ki, Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İqlim Həftəsi ilə paralel keçirilir. 7–11 sentyabr tarixlərini əhatə edən həftə iqlim fəaliyyətinin sürətləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və iqlim öhdəliklərinin həyata keçirilməsinə dəstək verilməsi məqsədi daşıyan önəmli platformadır. Bu çərçivədə keçiriləcək “Gənclər Forumu” gənclərin iqlim dəyişmələri ilə mübarizədə rolunu yalnız müzakirə platforması kimi deyil, həm də ideyaların, innovativ yanaşmaların və praktiki həllərin bölüşüldüyü bir məkan kimi önə çıxaracaq.