Heftelik.az Bakı Bələdiyyə Teatrının gənc aktrisası Zülfiyyə Qurbanovanın Lent.az-a müsahibəsini təqdim edir

Müsahibə üçün 3 həftə öncədən danışsaq da, ya vəlvələ, ya zəlzələdən yubanırdıq. Bu gün, o gün, sabah, o biri həftə deyə-deyə gəldik, çatdıq payızın əvvəlinə. Etiraf edim ki, həm də tək onunla bağlı olmayan səbəblərdən. Açığı, 6-7 illik “Facebook” dostluğundan bu yubanmalara hər ikimizin bir az ərkimiz çatırdı.

Müsahibə üçün yer seçirik. Bakı Bələdiyyə Teatrının aktyor və aktrisalarının yerlə bağlı problemlərindən də yəqin ki, xəbərdarsınız. Deyilsinizsə, müsahibədə ona da aydınlıq gətirəcəyik.

Harada qalmışdıq? Yerdə.

Məşq etdikləri binaya yaxınlaşanda öncədən danışdığımız kimi, çatdığımı xəbər verirəm. Binaya girişin QR kodla olması bir az işimizi uzadır. Dediyi kimi, özü 19-cu mərtəbədən 1-ci mərtəbəyə məni qarşılamağa gəlir. Bu qədər uzunçuluğa ehtiyac var ki? – deyib bir-birimizə şikayət edirik.

Otağa daxil olanda güzgülü lift, QR kodlu binanın ofis mənzərəsindən əsər-əlamət qalmır. Üzərində addımladığım xalça məni uşaqlığıma aparır. Təxminən 4-5 yaşıma qayıdıram və o vaxtkı birotaqlı evimizin divarından asılan xalça gözümün önünə gəlir.

Divarda bəzi tamaşaların afişaları asılı qalıb. Yəqin, yenilənməsi üçün mövsümün başlanması gözlənilib. Aktyor və aktrisa heyətinin mətn kağızları gözümə dəyir. Mətn, proloq, epiloq… Elə müsahibə alacağım masanın üzərində də qalaq-qalaq kağızlar və yeni tamaşanın mətni var. Məşq prosesi isə mənim gəlişimdən bir qədər öncə tamamlanıb. Mənzərəmiz üzü dənizə tərəfdir. Qapını bağlayıb səs yazanı açıram.

 

– Yeni mövsüm başlayıb. Hazırda hansı tamaşanın məşqi gedir?

– Hazırda Bəhram Osmanovun quruluşunda “Ata” əsərinin məşqi gedir. Çox maraqlı əsərdir. Haradasa oktyabrın sonuna premyerası nəzərdə tutulur.

– Necə bir rolu canlandırırsınız?

– Canlandırdığım obraz bir az hiyləgər, soyuq, kəskin və qəddar xarakterli bir qadındır. Onun öz hekayəsi də çox təsirlidir. Elə qəddar olmasına səbəb də yaşadıqlarıdır. Rol əsas roldur. Beş nəfərlik tamaşadır. Bəhram bəylə zövqlə işləyirik. Ümid edirəm ki, düşündüyümüz kimi yaxşı olar.

– Hansı rejissorlarla işləmək sizi yorur?

– Əslində, heç kimlə. Mən çalışmışam iş baxımından hamı ilə dil tapım. Çünki işdə sənin şəxsi eqoizmin kənarda olmalıdır. Çalışıram, hamı ilə yola gedim. Mən də öz fikrimi deyirəm. Bu, o demək deyil ki, kim nə dedisə, axara düşüm, gedim. Xeyr. Amma rejissor olsun, aktyor olsun, fikrini dinləyirəm. Nə dərəcədə məni qane edirsə, ona uyğun hərəkət edirəm.

– Nələr sizi qane etmir, məsələn?

– Mən intizamlı işləməyi sevirəm. Tələsik, necə gəldi işləməyi sevmirəm. İş səliqə ilə görüləndə xoşlayıram. Çox şükür ki, işlədiyim rejissorlar da belə olub. Bir tamaşa üçün ortalama 3 ay nəzərdə tutulur. Onun oxunuş dövrü, səhnəyə çıxmaq, vərəqin əldən kənara düşməsi var. Bunların hamısı səliqə ilə görülməlidir.

– Oxumaq və əzbərləmək üçün nə qədər zaman ayırırsınız?

– Mən əzbərləməyi xoşlamıram. Mətn mənimsənilməlidir. Əzbərlənən şey tez yaddan çıxır. Mənimsədiyin şey isə heç vaxt yaddan çıxmır. Yaddaşını bir dəfə təzələmək lazımdır ki, o bərpa olsun. Kimsə tələsdirəndə adamın əli-ayağı dolaşır. Yaradıcı adamın da narahatlığı olmamalıdır. Mən rahatlığı sevirəm.

– Bəs improvizələr edirsinizmi?

– Aktyor var ki, sözünü təxmini bilir, nə gəldi danışır. Bu, kadr önündə də olur. Elə hal olur ki, ümumi mətndən xeyli uzaqlaşır. Ona görə deyirəm ki, hər şey yerində olmalıdır. İmprovizəni belə məşq etmək lazımdır. Amma vəziyyətdən doğan improvizələr də var. Tərəf-müqabilin hansısa sözü unudur, qəfil bir hadisə olur, bu zaman vəziyyətdən çıxmaq üçün məcburiyyətdən improvizə edirsən. Amma bunu xəstəlik halına salıb, guya mən şedevrəm, hər şeyi improvizə ilə oynayıram demək mənim üçün çox lazımsız bir şeydir. Mənə görə, bu, istedadsız adamların işidir. Sən nə gəldi improvizə edə bilməzsən. Onda rejissor nə işə yarayır? Əgər sən bu mətndən çox çıxacaqsansa, mətn nə işə yarayır? Bunları kommersiya məqsədli verilişlərdə tamaşaçını əyləndirmək üçün edə bilərsən. Amma teatr səhnəsinə, tamaşaya xidmət etmir. Bu, doğru bir şey deyil, qarşı tərəfi çətin vəziyyətdə qoymaqdır. Sözü öyrənmədim, mətni bilmirəm, improvizə edim – bu, savadsızlıqdır.

– Oynadığınız əsərlərdə belə hallar yaşanıb?

– Olub. Amma bir-birimizi vəziyyətdən çıxarmışıq. Nə gəldi danışmaq lazım deyil. Mənə görə bunlar önəmlidir, bəlkə də incəsənətə barmaqarası baxan insanlar üçün önəmli deyil. Heç kim deyə bilməz ki, Zülfiyyə mətnə çəkiliş meydançasında baxdı. Mənə mətn verilirsə, əvvəlcədən mənimsəyirəm. Tərəf-müqabili ilə də kadr önünə keçməzdən qabaq dəfələrlə üzərindən keçirəm. Çünki mən boş-boş arxayınlığı olan adamlar görmüşəm. Onlar kadr qarşısında da 50 dəfə “stoplayırlar”. İncəsənət dəqiq sənətdir. Nə qədər kənardan rahat görünsə də, dəqiqliyi sevən sahədir.

– Kimlərəsə baxaraq bunu nümunə götürmüsünüz?

– Məni heç kim düzəldib bu vəziyyətə gətirib çıxarmayıb. Mən özüm-özümə belə olmuşam.

– Heyranlıq duyub yolunu getdiyiniz biri də olmayıb?

– Xeyr. Mənim heyranlıq hissim yoxdur. Heç kimə heyranlığım yoxdur. Kimsə yekəxanalıq kimi qəbul edə bilər, hamımız Allah bəndəsiyik. Mənim bir kəsin şəxsiyyətinə, sənətinə hörmətim ola bilər. Əgər şəxsiyyəti də sənəti kimi böyükdürsə, hörmətim ola bilər. Kimisə bütləşdirməmişəm. Kiməsə baxım, ondan götürüm, onun kimi olum – belə bir şeyim yoxdur. Belə olanda sənətin də ona oxşayır. Mən isə bunu sevmirəm. Kim sevirsə, özü bilər. Nümunə insanın özü, ailəsi ola bilər. Biz nümunəni yaradıcılığa olan sevgidə götürə bilərik. Məsələn, Amalya Pənahova. Onun yaradıcılığa olan sevgisini götürmüşük.

– Amalya Pənahova demişkən, onunla bağlı hansı xatirələriniz var?

– Bizim üzərimizdə çox əməyi olub. Ondan çox şey öyrənmişik. Onu çox sevmişik, indi də sevirik. O, heç vaxt yorulmurdu. Bütün məşqlərdə otururdu. Aktyoru, aktrisanı sevirdi. Bizə xüsusi münasibət göstərirdi, sanki onun ailəsi kimiydik. Xəstələnəndə pərvanə kimi başımıza fırlanırdı, insan kimi çox narahat olurdu, istəmirdi ki, aktyoruna bir şey olsun. Qastrollara gedəndə ən gözəl şəraitlərdə qalırdıq. Heç nədən korluq çəkmirdik. Əlaqələri elə qururdu ki, getdiyimiz yerdə bizə ancaq gözəl münasibət bəslənilirdi. Getdiyimiz yerdə heç bir şəraitsizlik, xoşagəlməz hərəkət ola bilməzdi. Biz onu itirəndə elə bil ailəmizdən birini itirmişdik.

– Teatrda indi elə deyil?

– İndi də elədir. Bizim rəhbərimiz Amalya xanımın qızı Aynur Muxtarovadır. Amalya xanımın göstərdiyi münasibətin eynisini o da bizə göstərir. Çox yaxşıdır. Hər bir şeyimizi ona rahatlıqla danışırıq. İşlədiyin yerdə mənəvi rahatlıq mütləq olmalıdır.

– Hansısa serialdan təklif gəlsə ki, bu qədər kökəlməli, saçlarınızı kəsdirməli, imicinizi başdan yaratmalısınız. Qəbul edərsiniz?

– Yerli serial üçün niyə 30 kilo kökəlim? Mənə o pulu verməyəcəklər ki, o qədər kökəlim, sonra dietoloqlarda qalım, o çəkini atmağa çalışım. Yox. Mənə lazım deyil. Azərbaycanda maksimum saçının rəngini dəyişə, gözünə linza taxa bilərsən.

– Sahənizdə pul, ümumiyyətlə, aşağıdır?

– Hər aktyor öz çəkiliş qiymətini fərdi danışır. Hamı bilir ki, bu da çox olmur.

– Pul az veriləndə, amma rolu çox bəyəndikdə qəbul edirsiniz?

– Rol çox qəşəng olanda götürürəm. Bilirəm ki, bu iş yaradıcılığıma nəsə qatacaq, onda razılaşıram. Məni qane etməyən rolda aktrisa kimi heç nə edə bilməyəcəmsə, götürmürəm.

– Maddi cəhətdən yaxşı, amma rolu bəyənmədiyiniz üçün imtina etdiyiniz işlər olub?

– Belə o qədər iş olub ki. Nə məcburdur? Mən bir maddiyyata görə yaradıcılığı siləcək adam deyiləm. Yükü yoxdursa, qəbul etmirəm.

– Yük deyəndə baş rolu nəzərdə tutursunuz?

– Baş rolu nəzərdə tutmuram. Baş rol oynayıb yadda qalmaya da bilərsən. İkinci rolda olub baş rolu üstələyə bilərsən. Bu da dəfələrlə olub. Baş rol olub heç kimin yadında qalmayan adamlar var. Materialı yoxdursa, hekayəsi yoxdursa, ağırlığı yoxdursa, qəbul etmirəm. Sabah da peşman olmamaq üçün seçiciyəm.

– Sizi adətən elə rollara dəvət edirlər ki…

– “Əqrəb mövsümü”ndə aktyor və aktrisalar var idi ki, kadr qarşısında öpüşürdülər, o söhbət heç bu qədər danışılmadı. Bu, deməli, məndən qaynaqlanır. Sən o işi yaxşı görəndə o iş çox danışılır.

– Onlar pis oynayıblar onda?

– Yox, demirəm ki, onlar pis oynayıblar. Yəni niyə öpüşən, kadr qarşısında soyunan, açıq geyimdə çəkilən danışılmır?

– Siz o cür səhnələrdə heç çəkilməmisiniz.

– Çünki qəbul etmirəm. Məni narahat edən təmas səhnələridir və onu da oynamıram. Mən təmassız da işimi gözəl görəcəyimi bilirəm. Bu, istəyir yekəxanalıq çıxsın, istəyir nə çıxır, çıxsın. Nə qədər layihəyə elə səhnə salındığı üçün rədd cavabı vermişəm.

Cəmiyyətdə belə qadınlar guya yoxdur? Var. Hamı istəyir ki, cəmiyyətin qadınlarını vuruşan, döyüşən təsvir edək. Hamı Zülfiyyə Qurbanovadır? Aktrisalıqla məşğul olanların hamısı Zülfiyyə Qurbanovadır ki, alnıaçıq gəzə, o səhnədən bu səhnəyə qaça, əlində külüng döyüşə, ancaq ağıl və qeyrətlə var ola? Hamısı mənim kimi var olur? Guya hamısı əxlaqla, namusla var olurlar? Yox. Özümə o qədər arxayınam ki, bu rollar gələndə narahat olmuram, götürmürəm.

– Əslində, mənim sualım başqa idi. Sizi niyə “Zəhər tuluğu”ndakı Rəna obrazı kimi rollara daha çox dəvət edirlər?

– Tək mənə gəlmir. Hamıya gedir.

– Qəbul etmirlər?

– Hə də. Niyə qorxursan ki, qəbul etməyə? Məsələn, mən yad adamla təmas sevmirəm.

– O aktrisa da deyə bilər ki, bəs siz nədən çəkinirsiniz ki, təmas rollarına çəkilmirsiniz?

– Mən özümə əzab verəcək şeylərlə məşğul olmağı sevmirəm. Bilirəm ki, o səhnənin yükünü bu cür qaldıra bilərəm. Adam var deyir ki, əxlaqsız rolunu canlandırsam, cəmiyyətdə mənə əxlaqsız deyəcəklər. Mən belə düşünmürəm. Roldur da. Tamaşaçı üçün dəhşətlidir, mənim üçün deyil. Oynadım, gedib öz həyatımı yaşayıram. Mənim oynadığım orada qaldı. Tamaşaçı ilişib orada qalır, Zülfiyyə orada ilişmir. Mən ilişib orada qalsam, seriallarda oynamaram, teatrda oynamaram. Sadəcə olaraq, bizim psixologiyamızda var. Bir də görürsən, şərhdə yazır ki, bu, əxlaqsız qadını oynayan aktrisadır. Səni niyə yandırır?

Ailəm bundan narahat deyil. Məni yandırmır. Kimə güzgü tutmuşuq? İncəsənətdə hamı eyni cür yaşayır? 20 ildir ki, Bakı-Sumqayıt yolunu gedib-gəlirəm. Mən başqa cür də gedib-gələ bilərdim də.

İncəsənət pul mənbəyi deyil. Buradan milyonlar qazanmırsan. Məni narahat etsəydi, başqa cür həyat tərzi yaşasaydım, oynadığım rol narahat edərdi. Niyə narahat eləsin? Alnımı açıb rahat gəzirəm. Bu gün onu oynamışam, sabah polis qadını oynayacağam. Evindən xəbəri olmayan sənə ağzına gələni yazır. Yaxşı ki, qanunlarımız var.

– Elə rəy yazanları şikayət etmisiniz?

– Bəli. Saçı, siması, dırnağı xoşuma gəlmir deyən adam nəyimə lazımdır? Gəlməsin. Mənə maraqlı deyil. Amma şəxsiyyətimə toxunan insanı şikayət etmişəm. Yazmısan, hə? Gəl, indi üzbəüz oturaq, de mənə. De də. Deyə bilmirsən axı. Özü utanıb. Düzdür, çalışıram ki, elə insanlara baş qoşmayım.

Səviyyəsi odur, nə edə bilərəm? Hamısını dünyagörüşlü, incəsənət sevgisi ilə yetişdirə bilmərik. Bir dəstə adam var ki, ancaq belədirlər. Söz axtarırlar ki, rəylərdə “hurrey” çəksinlər. Məsələn, müsahibələrin birində demişdim ki, mən ağıllı xanımam. Dedilər, heç dahilər özünə ağıllı deməyib. Dahi yəqin axmaq olub, özünə dahi deməyib. Özümə nə deyim? Hamı özünə ağıllı deməlidir. İtlə də yola gedirsənsə, ən pis adamla yola gedirsənsə, deməli, ağıllı adamsan da.

Mən axmaq adam seçməyəcəyim üçün ağıllıyam. Bu yaşdan sonra gəlib axmaq seçəsi deyiləm ki.

– Buna görə evlənmirsiniz, yəqin.

– Bəli, yetəri qədər ağıllı adam tapmamışam. Mənim istədiyim dürüstlükdə adam tapmamışam. Mən o yol yoldaşını tapmamışam deyə, hələ ki qarşıma çıxmayıb deyə evlənməmişəm. Mən utanmamalıyam ki, seçdiyim insana bax. Qürur hissi keçirməliyəm ki, mənə layiq adamdır. Qarşılaşmamışam deyə, ailə qurmaq kimi də məcburiyyətim yoxdur.

Yanıma insan olaraq cılız, əzik insan yaraşdırmıram. Qadın var, diqqətsiz münasibətlə razılaşır. Mən razılaşmıram. Elə dünya yoxdur. Sən qarşındakı insanın diqqət mərkəzində olmalısan. Başqa necə ola bilər ki? Kimə gəldi gedim, desinlər ki, ərə getdi? Təhsilim var, yaxşı mövqeyim var, mərdliyim, tərbiyəm göz önündədir. Bir insanı seçirəmsə, maddi-mənəvi dağ kimi yanımda olmalıdır. İşləməlidir. Hansı sahə olursa-olsun, işini sevməlidir. Öhdəliklərini bilməlidir. Bu cür birinə rast gələndə evlənəcəyəm.

– Gəlməsə?

– Gəlməyəndə də dünyanın sonu deyil. Həyata artıq bu cür baxıram. 10 övladı olanlar var ki, tək qalıb, tək ölüblər.

– Bacınızın övladlarına analıq edirsiniz. Sizin üçün çətin deyil?

– Bacımla eyni həyətdə qalırıq. Uşaqlarla məşğul oluram, ana kimi bütün öhdəliklərini götürmüşəm – dərslərindən tutmuş yeməklərinə qədər. Atası da işləyir, o da övladlarının yanındadır. Elə analar var ki, böyütdüyü uşağa baxıram, mən cəmiyyətə o cür uşaq çıxartmaram. Amma mən bacımın uşaqlarına bu qədər işimin arasında gül kimi baxıram. Maddi və mənəvi – hər cəhətdən. Əmanət olunan, yadigar qalan uşaqlara 5 dəqiqə diqqətsizlik edə bilmirsən. Çünki sənin məsuliyyətin var. Amma bunları danışmaqdan da bir az qorxuram e.

– Niyə?

– İnsan elə bil üstünə enerji çəkir. Deyirlər ki, hər şeyi bacarır.

– Nələri nəzərdə tutursunuz?

– Hə. Deyirlər ki, işə gedir, uşağa da baxır, hamısını çatdırır.

– Bəxtəvərçilik verməkləri xoşunuza gəlmir?

– Yox. O nəzər adama gəlir. Mənə də təsir edir. Uşaqlar onsuz da bilir, qohum-əqrəba bilir. Amma hamının bilməyini də istəmirəm e. Qısqanırlar. 3 uşaqla serialdan-seriala gedir, çəkilişləri çoxdur, deyirlər. Enerjiyə inanıram və çox şeyi qapalı saxlayıram. Bir serial təklifi gələndə heç vaxt kimləsə bölüşmürəm – ta ki ekrana çıxana qədər. Maksimum evimdəkilər bilər. Kimsə soruşanda da deyirəm ki, görək də.

– Kinematoqrafçılar İttifaqının sədr seçkisində Əməkdar incəsənət xadimi Müşfiq Hətəmovla mübahisəniz olmuşdu. Barışmısınız?

– Orada anlaşılmayan bir söhbət oldu. O, doğru anlamadı və emosional davrandı. Lazım olmayan münasibət göstərdi. Mən də etik normalarda, sərhədi aşmadan, mədəni formada cavab verdim.

– O söhbətdən sonra danışmısınız?

– Danışmamışam.

– Özü sizinlə əlaqə yaratmaq istəyib?

– Əlaqə yaratmaq… (gülür) İnsan doğru olmayan hərəkəti edəndə istəyir ki, sülh yaratsın. İnsanlar haqsızlıq edibsə, mütləq peşmanlıqları olur.

– Müşfiq Hətəmov peşman olub bəs?

– Bildiyimə görə olub.

– O zaman niyə barışıq olmayıb?

– Mən sizin təklikdə xətrinizə dəymişəmsə, təklikdə üzr istəyəcəyəm, cəmiyyətə nümayiş etdirməyəcəyəm. Cəmiyyət arasında olan məsələyə də cəmiyyət qarşısında aydınlıq gəlməlidir. Mənim könlümə cəmiyyət içində dəyən insan cəmiyyət içində də… (gülür) Nə bilim, dəysin.

– Bu, bir ismarıcdır?

– Yox, deyil. Mən indi deyim ki, Naibə xanım, sizin cəmiyyət arasında xətrinizə dəymişəm. Gəlin, təklikdə könlünüzü alım. Bunu niyə edim? Harada olubsa, elə orada. Bu da böyüklük göstəricisidir, mədəniyyət göstəricisidir. Məndən kimsə üzr istədi, istəmədi, heç nə dəyişmir. Orada cavab verməsəm, bu, mənim üçün dərd olardı. Amma cavab haqqım doğub, cavabımı vermişəm. Səviyyəli bir şəkildə. O baxımdan rahatam.

– Başqa hansı sənət adamları ilə küsülüsünüz?

– Mən heç kimlə küsülü deyiləm.

– Kimlərlə dostsunuz, yaxşı?

– Mənim dostum yoxdur, bircə sirdaşım var.

– Kim?

– Adını çəkmək istəmirəm. Nəzərə gəlmək istəmirəm. Bəziləri “dostlarım var” deyirlər. Mən oradakı “-lar”ı sevmirəm. O “-lar” varsa, deməli, burada xaos var. Başqa cür mümkün deyil. Bu qədər insanla sən nə edirsən? Çoxlu tanışlarım var, gözəl münasibətdə olduqlarım var, lazım olanda problemlərini dinləyirəm, amma çox can-can olmuram. Nə bilim, barmağım əzildi, 3 manat az aldım – bunlar ölümün qarşısında problem deyil. Hər şeyə çarə var.

– Dərd dinləməyi sevmirsiniz, yəni?

– Dinləsəm, nə olacaq, dinləməsəm, nə olacaq?

– Siz kiməsə danışmırsınız ki, bəyəm?

– Yox. Mənim bu qədər həyat qayğım var, məndən kimsə halımı soruşanda deyirəm, yaxşıyam. Mən “salam, necəsən?” deyəndə bütün həyatının ağrı-acısını mənə danışan insanlardan uzaq dururam. Bu qədər qayğı ilə heç nə danışmıramsa, niyə başqasının dərdini dinləməliyəm? Bəzən birinci dərəcəli doğmamla belə problemimi bölüşmürəm.

– Bələdiyyə Teatrının binasının olmaması haqqında danışaq. İşlərinizə mane olmur?

– Binasız olmağımıza rəğmən, tamaşalarımızı oynayırıq. Akademik Milli Dram Teatrının səhnəsində, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində oynayırıq. Burada başqa tamaşanın məşqi gedir, Aktyor Evində başqa tamaşanın məşqi gedir. Əlbəttə, binamız olsa, çox gözəl olar.

– Problem aktyorların ümumi müraciəti ilə düzələ bilər?

– Rəhbərimiz Aynur xanım kifayət qədər savadlı xanımdır, illərdir ki, bu işin içindədir. O, hara, necə müraciət etməli olduğunu bilir. Yəqin ki, bu iş öz həllini tapacaq. Mədəniyyət Nazirliyinin də nəzdinə keçdiyimizə görə, inşallah, nəsə olacaq.