Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həyatı ilə bağlı bir sirri açıqlayıb.

Heftelik.az xəbər verir ki, bu barədə Şeyxülislam Allahşükür Paşazadə bu barədə Prezident İlham Əliyevin Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə bildirib.

“Həqiqətən də Sizin gördüyünüz işlər, atdığınız addımlar məni dünənə də aparır, bu günə də gətirir. Mənim dünənim, – Allah rəhmət eləsin, – Ulu Öndər Heydər Əliyev cənabları ilədir, onunla bərabər addımlayırdıq, görürdük, o, bizə gələcəyi göstərirdi. Hələ o dövrdə o, Azərbaycana ikinci dəfə rəhbər gələndən sonra bizi, din xadimlərini digər din nümayəndələri ilə birlikdə yığdı, bizə multikulturalizm yolunu öyrətdi, doğru yolu öyrətdi, dinlərlə birlikdə olmaq, qardaş olmaq, dost olmaq yolunu öyrətdi. Amma bir şeyi də deyim ki, o mənə deyərdi, şeyx, mən səni göndərmişəm oxumağa. Sən mənim tələbəm olmusan o dövrdə. Onu da mən demək istərdim ki, hələ 1968-ci ildə mənim mədrəsəyə gedib oxumağım Heydər Əliyev cənablarının istəyi ilə olubmuş. Mən onu bilmirdim, sonrakı dövrlərdə mənə dedi”, – deyə Şeyxülislam Allahşükür Paşazadə qeyd edib.

Xatırladaq ki, Şeyxülislam Allahşükür Paşazadə  1968–1970-ci illərdə Özbəkistanın Buxara şəhərində yerləşən məşhur “Mir Ərəb” mədrəsəsində oxuyub.