Belçikada Flamand Parlamentinin deputatı Frederik Erens təxminən 13 saat parlamentin bağlı tualetində  qalıb.

Heftelik.az Qafqazinfo”ya istinadən xəbər verir ki, “Vlaams Belang” partiyasının üzvü olan 58 yaşlı Erens parlamentin qrup ofislərinin yerləşdiyi əlavə binada keçirilən görüşdən sonra tualetə gedib.
O, qapını bağlayarkən kilid mexanizminin bir hissəsinin qırıldığını və qapını aça bilmədiyini deyib. Telefonunu masasının üzərində qoyan deputat binadakılara səsini çatdıra bilməyib və gecəni tualetdə keçirməli olub.
Bir müddət sonra içəridə havanın ağırlaşdığını deyən Erens tualetdə tapdığı metal əşyadan istifadə edərək qapının yuxarı və aşağı hissəsində iki dəlik açıb. Bildirilib ki, tualetin yanğına davamlı qapısı olduğundan içəridə hava dövranı məhdud olub.
Səhər saat 06:00 radələrində təmizlik işçiləri deputatı tualetdə aşkar ediblər. Qapı lomla açıldıqdan sonra Erens oradan çıxarılıb.
Tənəffüs çətinliyi yaşayan deputat müayinə üçün Brüsseldəki “Saint-Jean” xəstəxanasına aparılıb. Daha sonra xəstəxanadan buraxılan Erensin səhhətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, Frederik Erens 2024-cü ildən Flamand Parlamentində Vlaams-Brabant seçki dairəsini təmsil edir.