ADMİU-nun birinci kurs tələbələrini hədələdiyi bildirilən və bu səbəbdən universitetdən xaric edilən Kənan Zindadil videomüraciət yayıb.
Heftelik.az xəbər verir ki, K.Zindadil haqsız yerə və heç bir araşdırma aparılmadan universitetdən çıxarıldığını bildirib. O, yenidən universitetə bərpa olunması üçün aidiyyəti qurumlardan kömək istəyib.
K.Zindadil universitetdə təhsil aldığı müddətdə müxtəlif şəxslər tərəfindən təzyiq və təhqirlərə məruz qaldığını, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib. Tələbinin sözlərinə görə, həmin şəxslərlə bağlı universitet tərəfindən tədbir görülməyib və rəhbərliyin istyi ilə şikayətini geri götürüb:
“Keçən il universitetə daxil olduğum zaman müxtəlif təzyiqlərə və bullinqə məruz qalmışdım. Hüquq-mühafizə orqanlarını universitetə dəvət etmişdim. Daha sonra universitet rəhbərliyinin mənə dediyi bəzi sözlərdən sonra şikayətimi geri çəkdim. Elmi Şurada da dedim ki, mən o sözləri həmin məqsədlə deməmişəm. Mənə yazılan təhqirə cavab vermişəm. Yoxsa mən canlı yayımda kimisə təhdid edərəm? Polis orqanlarına dəvət olunanda da demişdim ki, ötən ilin sentyabr-oktyabr aylarında sırğa taxdığıma və geyim tərzimə görə müxtəlif təhqirlərə məruz qalmışam.
Mən ora əziyyət çəkib hazırlaşmışam. Heç bir kəsirim, qayıbım olmayıb. Oxuduğuma görə təqaüd alırdım. Amma dünən Elmi Şurada mənə elə alçaldıcı sözlər də deyilib ki..Rəhbərlik bunları mənə deməməli idi.
Universitetdə oxuduğum iki semestr ərzində nə bir töhmətim olub, nə də valideynim universitetə çağırılıb. Müəllimlərə qarşı da həmişə hörmətli olmuşam. Necə olur ki, kimsə məndən xoşu gəlmədiyi üçün həmin videonu kəsib birləşdirərək məni hədəf kimi göstərir və nəticədə mən təhsilimdən oluram? Mən hamıdan xahiş edirəm ki, yenidən universitetə bərpa olunmağım üçün mənə kömək etsinlər. Mən təhsilimdən geri qalmaq istəsəydim, qayıblarım yığılardı və universitetə getməzdim”.
