Müasir dünyada dini və milli dəyərlərə münasibət, islamofobiya, dini ayrı-seçkilik və müqəddəs kitabların təhqir olunması kimi hallar beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan məsələlərdəndir. Belə bir şəraitdə İslam dünyasının həmrəyliyi, öz dəyərlərini qoruması və beynəlxalq müstəvidə vahid mövqe nümayiş etdirməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları, eləcə də Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirlər İslam dünyasının qarşılaşdığı problemlər, islamofobiya və müsəlman ölkələri arasında həmrəylik məsələlərinə diqqət çəkib. Prezident çıxışında müasir dövrdə İslam dininə və müsəlmanlara münasibətdə müşahidə olunan mənfi stereotiplərdən narahatlığını ifadə edərək bildirib ki, islamofobiya daha geniş proseslərin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Onun sözlərinə görə, müsəlman dünyasının terrorla eyniləşdirilməsi, İslam dəyərlərinin gözdən salınması və müqəddəs “Qurani-Kərim”ə qarşı təhqiramiz hərəkətlər təsadüfi hadisələr kimi qəbul edilməməlidir. Dövlət başçısının çıxışında xüsusi yer tutan məsələlərdən biri müsəlman dünyasının birlik və həmrəylik nümayiş etdirməsinin vacibliyidir. Prezident İlham Əliyev bu kontekstdə “birliyimizi” əsas cavab vasitəsi kimi göstərib. Bu yanaşma yalnız siyasi birliklə məhdudlaşmır. Dini xadimlərin, ictimai və siyasi institutların İslam dünyasında qarşılıqlı anlaşmanın və dialoqun gücləndirilməsinə töhfə verməsi də mühüm amil kimi önə çıxır.

Son illərdə dünyanın müxtəlif ölkələrində dini ayrı-seçkilik, müsəlmanlara qarşı stereotiplər və İslam dininə qarşı düşmən münasibət barədə müzakirələr genişlənib. İslamofobiyanın müxtəlif formalarda təzahür etməsi — ayrı-seçkilikdən tutmuş dini simvolların təhqirinə qədər — beynəlxalq ictimaiyyətin diqqətində olan məsələlərdəndir. Bu baxımdan dini etiqad azadlığı və müqəddəs dəyərlərə hörmət məsələsi xüsusi əhəmiyyət daşıyır. Fikir və ifadə azadlığı ilə dini inanclara hörmət arasında balansın necə qorunması beynəlxalq səviyyədə müzakirə olunan mürəkkəb məsələlərdəndir.

Prezident İlham Əliyev öz çıxışında məhz bu həssas məqamlara diqqət çəkərək müsəlman ölkələrinin və dini icmaların belə hallara qarşı birgə mövqe nümayiş etdirməsinin əhəmiyyətini vurğulayıb. Çıxışın diqqətçəkən məqamlarından biri Azərbaycanın Avropa təşkilatlarında iştirakına dair fikirlərdir. Prezident Azərbaycanı Avropa təşkilatlarında iştirak edən müsəlman ölkələrindən biri kimi təqdim edib və Avropa Şurasının üzvü kimi ölkənin müxtəlif məsələlərlə bağlı mövqeyini ifadə etdiyini bildirib.

Azərbaycanın Avropa Şurasına üzvlüyü ölkənin Avropa siyasi və hüquqi institutları ilə əlaqələrinin mühüm istiqamətlərindən biridir. Eyni zamanda Azərbaycan özünü İslam dünyasının bir hissəsi kimi də təqdim edir. Bu iki istiqamətin bir arada olması ölkənin beynəlxalq münasibətlərində xüsusi mövqeyə malik olduğunu göstərir. Azərbaycanın xarici siyasətində Şərq-Qərb əməkdaşlığı, mədəniyyətlərarası və dinlərarası dialoq mövzuları da mühüm yer tutur. Bakı müxtəlif beynəlxalq və regional tədbirlərə ev sahibliyi etməklə özünü dialoq məkanı kimi təqdim etməyə çalışır.

Görüşün digər mühüm mesajı dini liderlərin cəmiyyətdəki rolu ilə bağlıdır. Prezident İlham Əliyev dini xadimlərin sözlərinin müsəlman ölkələri üçün xüsusi məna daşıdığını qeyd edib. Həqiqətən də dini liderlər yalnız dini məsələlərdə deyil, sosial həmrəylik, sülh, tolerantlıq və qarşılıqlı hörmətin təşviqində də mühüm rol oynaya bilərlər. Xüsusilə müxtəlif dini və mədəni icmaların birgə yaşadığı cəmiyyətlərdə dini liderlərin dialoq və qarşılıqlı anlaşmaya çağırışları sosial sabitliyə töhfə verə bilər. Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində müsəlman dini idarələri arasında əməkdaşlığın genişləndirilməsi də diqqət çəkən istiqamətlərdən biridir. Belə platformalar dini maarifləndirmə, mədəni əlaqələr və dinlərarası dialoq sahəsində fikir mübadiləsinə imkan yarada bilər.

Prezident İlham Əliyevin çıxışının əsas xəttini müsəlman dünyasının həmrəyliyinə çağırış təşkil edir. Onun təqdim etdiyi yanaşmaya görə, İslam dünyasının qarşılaşdığı problemlərə cavab yalnız ayrı-ayrı ölkələrin deyil, bütövlükdə müsəlman dünyasının koordinasiyalı və sivil mövqeyindən keçməlidir. Bu birlik siyasi maraqların eyniləşdirilməsi demək deyil. Müsəlman ölkələri arasında siyasi sistemlər, sosial quruluşlar və xarici siyasət prioritetləri baxımından ciddi fərqlər mövcuddur. Lakin dini ayrı-seçkiliyə qarşı mübarizə, dini inanclara hörmət, terrorla İslamın eyniləşdirilməsinə qarşı maarifləndirmə və tolerantlığın təşviqi kimi məsələlər əməkdaşlıq üçün ümumi platforma yarada bilər.

Azərbaycan Prezidentinin çıxışında səsləndirilən mesaj da məhz bu kontekstdə qiymətləndirilə bilər: müsəlman dünyasının öz dəyərlərini müdafiə etməsi ilə yanaşı, bunu dialoq, qarşılıqlı hörmət və beynəlxalq əməkdaşlıq müstəvisində həyata keçirməsi. Çıxışın əsas mesajı birlik ideyasıdır. Bu mesaj həm siyasi, həm də dini müstəvidə əməkdaşlığın gücləndirilməsinin vacibliyini önə çəkir. Eyni zamanda görüş dini liderlərin cəmiyyətdə və beynəlxalq münasibətlərdə dialoq, tolerantlıq və qarşılıqlı hörmətin təşviqində oynaya biləcəyi rolu gündəmə gətirir.

Müasir dünyada dini və mədəni fərqliliklərin daha da görünən olduğu bir dövrdə bu mövzuların müzakirəsi xüsusi aktuallıq daşıyır. İslam dünyasının qarşılaşdığı problemlərin həlli isə qarşıdurmadan daha çox dialoq, qarşılıqlı hörmət, maarifləndirmə və əməkdaşlıq mexanizmlərinin gücləndirilməsini tələb edir.

 

Aybəniz Rüstəmova

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq

kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent