Cənubi Koreyanın paytaxtı Seulda iki “Michelin” ulduzuna sahib “Evett” restoranı yeməklərdə istifadəsinə icazə verilməyən qarışqalardan istifadə etdiyi üçün cərimələnib.
Heftelik.az Lent.z-a istinadən xəbər verir ki, restoranın sahibi 18,4 min manat, müəssisəni idarə edən şirkət isə 12,3 min manat məbləğində cərimələnib.
Cənubi Koreyanın Qida və Dərman Təhlükəsizliyi Nazirliyi internetdə restoran müştərilərinin paylaşdığı foto və rəylərdən sonra məsələni araşdırmağa başlayıb.
Araşdırma zamanı məlum olub ki, restoran sahibi bəzi desertlərə turş dad vermək məqsədilə 3-5 qarışqa əlavə edib. Bu üsul təxminən dörd il ərzində tətbiq olunub və həmin müddətdə ümumilikdə 49 minə yaxın qarışqadan istifadə edilib.
Qarışqaların böyük hissəsinin ABŞ-dan, bir qisminin isə Tailanddan gətirildiyi bildirilir.
Qarışqaların istifadəsinə icazə verilmirmiş
Cənubi Koreyada insan qidasında yalnız 10 növ həşəratdan istifadəyə icazə verilir. Siyahıya bəzi çəyirtkə və ipəkqurdu növləri daxil olsa da, qarışqalar bu siyahıda yer almır.
Restoran sahibi isə qarışqaların başqa ölkələrdə qida kimi istifadə edildiyini əsas gətirərək qadağadan xəbərsiz olduğunu bildirib.
Araşdırma zamanı istifadə edilən qarışqalarda ağır metalların səviyyəsinin icazə verilən normadan yüksək olduğu da müəyyən edilib.
Prokurorluq restoran sahibinə bir il həbs və 24,5 min manat cərimə tələb edib. Lakin məhkəmə onun ittihamı qəbul etməsini və əvvəllər məhkum olunmamasını nəzərə alaraq yalnız pul cəriməsi tətbiq edib.
Restoran sahibi qarışqaların 15 yeməkdən ibarət menyunun yalnız kiçik bir hissəsində istifadə olunduğunu və müştərilərə bu barədə əvvəlcədən məlumat verildiyini bildirib.
Hadisə xüsusilə dörd il ərzində yeməklərin hazırlanmasında on minlərlə qarışqadan istifadə olunması səbəbindən geniş müzakirələrə yol açıb.
