Mərhun ustad şair, tanınmış pedaqoq Asim Qazıyevin seçilmiş əsərlərindən ibarət olan “Mən insanam” adlı kitabı çap olunub
… Bütün həyat və yaradıcılığının mahiyyətini xalqına xidmətdə görən, bu il anadan olmasının 100 illik yubileyi tamam olan ustad şair, ömrünün əlli ilə yaxınını pedaqoji fəaliyyətə həsr edən Asim Qazıyevin “Mən insanam” adlı yeni kitabı çap olunub.
Bu, şairin “Qələmin qüdrəti yaz, deyir mənə” (1996 cı il), “Xeyli sözüm var” (2016-cı il), “Ürəkdən soruş” (2018-ci il), “Ürək o ürəkdir” (2025-ci il) kitablarından sonra sayca beşinci kitabıdır.
Nəfis tərtibatla çap olunmuş kitabda şairin seçilmiş əsərləri toplanıb. Tərtibçisi Firuq Qazızadə, redaktoru Fimar Asimqızı olan kitab mərhum xalq şairi Nəriman Həsənzadənin xatirəsi ilə açılır. O yazır: “Samuxda dünyaya göz açan Asimin də ilham pərisi onun üzünə gülüb. Gözəl lirik şeirlər yazıb. 1947-ci ildə gənc yazıçıların Bakıda keçirilən Respublika müşavirəsinə Gəncə filialından nümayəndə seçilib. Yazıçılar İttifaqının sədri böyük Səməd Vurğunun məruzəsinə qulaq asıb, Azərbaycan Yazıçılar İttifaqının üzvlük vəsiqəsini ona Səməd Vurğun təqdim edib. Asim Qazıyev bu qürur hissini yaşayıbdı”.
Asim Qazıyev bütün yaşamı ilə, sözün bütün mənalarında xalqına xidmət göstərib. O, uzun illər pedaqoji fəaliyyəti, məktəb rəhbəri, rayon sovetinin deputatı olanda da bu missiyasına sadiq qalıb. Lap cavan yaşlarından SÖZə könül verməsi, yazdığı nəsihətamiz şeirləri ona insanların ürəyində əbədi mövqe qazandırıb. Həyat və fəaliyyəti ilə el arasında qazandığı hörmət bu gün də Asim müəllimi insanların dilində, sözündə-söhbətində, ürəyində yaşadır.
“Mən insanam” kitabın redaktoru Fimar Asimqızı “Ömür kitabı” adlı yazısında onun varlığını çox gözəl xarakterizə edir. Təbii ki, kitabı bu il müxtəlif səviyyələrdə 100 illik yubleyi qeyd edilən atası Asim Qazıyevin ruhuna ehtiramın, sayğının ifadəsi kimi qiymətləndirir.
Məhz bu ehtiramın nişanəsidir ki, bu günlərdə Asim Qazıyevin 100 illik yubileyi ilə bağlı qurucusu və ilk direktoru olduğu Bərdə rayonunun Samuxlu kənd orta məktəbində keçirilən tədbirdə onun övladları, ictimaiyyətin nümayəndələri, məktəbin pedaqoji və şagird kollektivi kollektivi iştirak edib. Kövrək notlara köklənmiş tədbirdə 1949-cu ildə ailə həyatı qurduğu qrup yoldaşı Fəridə Əzimova ilə bu məktəbin taleyində göstərdikləri böyük xidmət, verdikləri samballı təhsillə minlərlə gəncin taleyində oynadıqları rol, Vətənə dörd layiqli böyütmələri xatırlanıb. Bu tədbir hər ikisinin ruhuna ehtiram kimi də dəyərləndirilib.
Həmin tədbirdə bu il ali məktəbin ali ali təhsil ocaqlarına yüksək balla daxil olan məzunlarına – Səmayə, Xədicə və Gülnarəyə ən gözəl hədiyyə kimi Asim Qazıyevin “Mən insanam” kitabı təqdim olunub.
Bir az da əvvələ qayıdaq…
Qeyd edək ki, bu ilin may ayında ustad şair, tanınmış pedaqoq Asim Qazıyevin (Sevdalının) anadan olamsının 100 illiyi tamam oldu. Müxtəlif səviyyələrdə şairin yubileyi qed olundu, elektron və yazılı KİV-lərdə həyat və yaradıcılıgı haqqında xeyli yazılar dərc olundu.
Asim İsa oğlu Qazıyev 10 may 1926-cı ildə Samux rayonunda anadan olub. Kirovabad (Gəncə) 3 nömrəli Tibb məktəbində (indi Gəncə Tibb Kolleci) oxuyub. 1946-1950-ci illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda dil-ədəbiyyat ixtisası üzrə təhsil alıb.
İnstitutu bitirəndən sonra Asim Qazıyev vilayət maarif şöbəsində təlimatçı vəzifəsində çalışıb. Sonra öz arzusu ilə doğma Samux rayonuna qayıdıb, orta məktəbə direktor təyin olunub. 1954-cü ildə Mingəçevir su anbarının tikintisi ilə əlaqədar subasma təhlükəsinə qabaqlayıcı tədbir kimi Samuxun bir neçə kəndi Bərdə rayonuna köçürülüb.
Bundan sonra Asim Qazıyev fəaliyyətini Bərdə rayonunun Leninabad kəndində davam etdirib (1992-ci il aprelin 29-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Leninabad kəndi Samuxlu kəndi adlandırılıb). O, kənddə əvvəlcə çiy kərpicdən, sonra ağ daşdan məktəb binası tikdirib.
Asim Qazıyev rayon sovetinin deputatı, qabaqcıl pedaqoq, təşkilatçı məktəb direktoru, ictimaiyyətçi, el ağsaqqalı, ustad şair kimi tanınıb. 1960-cı ildə Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən ona “Metodist müəllim” adı verilib və “Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif olunub.
1999-cu il fevral ayının 19-da Gəncədə vəfat edib. Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub.
Asim Qazıyev özündən sonra zəngin ədəbi irs qoyub. O, 14 yaşından şeir yazmağa başlayıb. Özünə Asim Sevdalı təxəllüsü götürüb. Tələbəlik illərində institutda fəaliyyət göstərən ədəbiyyat dərnəyinə rəhbərlik edib. İlk dəfə “Mənim yurdum” adlı şeri 1948-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunub.
Azərbaycan Yazıçılar İttifaqının (AYB) Kirovabad (Gəncə) filialının üzvü və fəallarından olub. Vaxtilə xalq şairi Səməd Vurğunun “gələcəyin böyük şairi” kimi qiymət verdiyi Asim Qazıyev xalq artisti, bəstəkar və dirijor Nəriman Əzimovun bəstələdiyi sevilən “Gözəl Gəncəmiz” və “Ümid çırağı” adlı mahnıların mətninin müəllifidir.
Şairin yenicə çap olunmuş “Mən insanam” adlı kitabından bir neçə şerini oxuculara təqdim edirik.
Təqdim etdi:
Vasif SÜLEYMAN
Asim QAZIYEV
ŞEİR YARANMAZ
Fikrə ürək qanı içirməyəndə,
Həyatı sinəyə köçürməyəndə,
Yuxusuz gecələr keçirməyəndə,
Şeir yaranmaz.
Dünyanın yüküdür sənətin yükü,
Çiyinə yatmasa zəhmətin yükü,
Vaxtında seçməsən hər tükdən tükü,
Şeir yaranmaz.
Duyğular dalğası gur olsun gərək,
Ürəkdə təbii nur olsun gərək,
Sözlərə odunu qatmasa ürək,
Şeir yaranmaz.
Məhəbbət əliylə çalınmasa sim,
Xəzinənin yerini bilməsə hər kim,
Söz düzüb mənasız, keçincə, Asim,
Şeir yaranmaz.
DUYMASAN
Heç olarmı yaşamağın mənası,
Nəcibliyi, incəliyi duymasan?
Ömur nursuz olar, həyat mənasız,
Nəçiliyi, necəliyi duymasan.
Aşkar olmaz bu dünyanın hikməti,
Əlvan olmaz süfrəmizin neməti.
Anlamazsan cəsarəti, qüvvəti,
Bütövlüyü, bircəliyi duymasan.
Öz simində simi seçər hər aşıq,
Qismət xoşdur, lap olsa da bir qaşıq.
Göz aldanar, işlər düşər qarışıq,
Fərəliyi, beçəliyi duymasan.
Yaxşı düşün əl atanda bir işə,
Ət taxırsan sən qarmağa, ya şişə?
Mal alanda aldanarsan həmişə,
Nə qədər, neçəliyi duymasan.
Dərin düşün, qiymət almaq istəsən,
Udar hər an düz ölçərək düz kəsən.
Qəlbin yoxdur, yaşamırsan demək sən,
Gündüzlüyü, gecəliyi duymasan.
YAŞADIM
Mən yaxşını, yamanı,
Seçə-seçə yaşadIm.
Xoş ümidi, gümanı,
İçə-içə yaşadım.
Məhəbbətin yolunu,
Sədaqətin yolunu,
Həqiqətin yolunu,
Keçə-keçə yaşadım.
Dost seçmişəm hər yerdən,
Nur almıişam səhərdən.
Nişan qoyub şeirdən,
Heca-heca yaşadım.
QİZIL
Hər kamil insanın tox olar gözü,
Başı xəzinədir, ürəyi qızıl.
Həyatda tanınmaz, yer almaz sözü,
Qəlbi kasıb olsa, dirəyi qızıl.
Əl, dodaq yerinə qoy tel titrəsin,
Qğul yurd dağıdıb, ad itirməsin.
Vicdanı boyalı, qeyrətsiz kəsin,
Yemərəm, olsa da, yeməyi qızıl.


