Azərbaycandan Qazaxıstana çoxlu sayda at aparıldığı iddia edilir.
Heftelik.ax Bakupost.az-a istinadən  xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Qazaxıstanda olduğunu bildirən sosial media istifadəçisi paylaşdığı videoda Azərbaycandan iki mərtəbəli TIR-la çoxlu sayda atın gətirildiyini deyib.
“Burada, Qazaxıstanda at əti ən bahalı ətdir. Azərbaycandan Qazaxıstana saysız-hesabsız atlar gəlir. Bəlkə 100 başdır. İki mərtəbəli TIR-da at gətirilib. Siz də orada axtarın…”, – deyə o bildirib.
Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər atların ölkədən çıxarılmasına nəzarət edilməsinin vacibliyini qeyd ediblər.
Məsələ ilə bağlıLiberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, görüntülərdə səsləndirilən məlumatlar atların hansı məqsədlə aparıldığını təsdiqləmir. Onun sözlərinə görə, belə bir ticarət mövcuddursa, bunun arxasında ilk növbədə bazar amili dayanır:
BakuPost
“Xarici ölkədə Azərbaycan atına daha yüksək qiymət formalaşırsa, sahibkar üçün ixrac daxili bazarda satışdan daha gəlirli ola bilər.
Azərbaycanın Qazaxıstanla qeyri-neft ticarət əlaqələri də kifayət qədər genişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlində Qazaxıstan Azərbaycanın qeyri-neft-qaz ixracında əsas istiqamətlərdən biri olub. Bu baxımdan atçılıq məhsullarının da xarici bazarlara çıxarılması nəzəri olaraq yeni gəlir mənbəyi yarada bilər”.
İqtisadçının sözlərinə görə, atların qiymətinin yüksəlməsinin səbəbləri isə yalnız xarici tələblə izah edilə bilməz:
“Yem və saxlanma xərclərinin artması, damazlıq və cins atlara tələbin yüksəlməsi, atçılıq təsərrüfatlarının sayının və istehsal imkanlarının məhdudluğu, eləcə də nəqliyyat və digər xərclər qiymətə təsir edə bilər. Əgər xarici bazarda qiymətlər daxili bazardan əhəmiyyətli dərəcədə yüksəkdirsə, ixracın artması yerli bazarda təklifin azalmasına və müəyyən kateqoriyalarda qiymətlərin yüksəlməsinə də səbəb ola bilər”.
A.Nəsirli qeyd edib ki, xarici bazarın açılması Azərbaycan atçılığı üçün əlavə investisiya və gəlir imkanları yarada bilər:
“Sahibkarlar daha keyfiyyətli damazlıq atların yetişdirilməsinə, təsərrüfatların genişləndirilməsinə və yeni ixrac kanallarının yaradılmasına maraq göstərə bilərlər. Bununla yanaşı, ixracın genişlənməsi atçılığın inkişafına xidmət etməsi üçün prosesin baytarlıq, gömrük və heyvanların daşınması qaydalarına uyğun aparılması, həmçinin ölkədə damazlıq və genetik resursların qorunması vacibdir.
Ona görə də məsələnin əsas iqtisadi tərəfi “Azərbaycandan at aparılırmı” sualından daha genişdir. Əsas sual budur ki, Azərbaycan atçılığı xarici bazarlarda hansı dəyəri yarada bilir və bu dəyərin nə qədəri yerli fermer və yetişdiricinin gəlirinə çevrilir. Əgər Qazaxıstan və digər bazarlarda Azərbaycan atlarına real və davamlı tələb varsa, bu sahə kənd təsərrüfatında ayrıca ixrac istiqamətinə çevrilə bilər”.