Bu gün saat 12:05 radələrində Bakı–Quba avtomobil yolunun 13,5-ci kilometrliyində 01-CN-479 dövlət qeydiyyat nişanlı “Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 dövlət qeydiyyat nişanlı “Ravon” markalı minik avtomobilinin üzərinə aşıb.
Bu barədə Heftelik.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, bu gün saat 12:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsi ərazisindən çağırış qeydə alınıb.
Məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Başın və bədənin səthi travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, vəziyyət stabil qiymətləndirilir.
Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
