Sosial şəbəkələrdə nalayiq ifadələr işlədən daha bir “tiktoker” saxlanılıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, 47 yaşlı Davud Bəşirov (şərti adla) “tiktok” sosial şəbəkəsində özünə məxsus hesabda canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib.
Fakt əsasında D. Bəşirov polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
D. Bəşirov ifadəsində bildirib ki, ailəsi Türkiyədə yaşayır və özünün qadağası olduğu üçün onların yanına gedə bilmir. Hadisə olan günü evinin həyətində yemək yeyib və araq içib. Sərxoş halda “tiktok”da canlı yayım açıb və bir qadınla danışıb. Danışıq zamanı o, qadını söyüb, həmçinin ünvansız nalayiq ifadələr işlədib. O, əməlindən peşman olduğunu, hərəkətlərindən utandığını və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirib.
Məhkəmə onun barəsində 500 manat inzibati cərimə cəzası təyin edib.
