Özəl Məhkəmə Ekspertlərinin Palatası yaraılacaq.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Özəl Məhkəmə Ekspertlərinin Palatası üzvlərinin hüquqlarını və qanuni mənafelərini qorumaq, onların fəaliyyətini əlaqələndirmək məqsədilə özəl məhkəmə ekspertlərinin məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxs olacaq.

Palatanın idarə olunması qaydası onun nizamnaməsi ilə tənzimlənəcək. Palataya Palatanın İdarə Heyətinin sədri, o olmadıqda isə müavini rəhbərlik edəcək.

Palatanın maliyyələşmə mənbələri aşağıdakılardır:

– Palata üzvlərinin üzvlük haqları;

– Palata üzvlərinin intizam tənbeh tədbiri kimi cərimə edilməsindən daxilolmalar;

– ianələr.

Palata üzvlərinin üzvlük haqqının məbləği, onun ödənilməsi müddəti və qaydası Palatanın nizamnaməsi ilə müəyyən olunacaq.

Palatanın aşağıdakı səlahiyyətləri var:

– özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərin ixtisas imtahanlarına hazırlanmasında onlara metodiki köməklik göstərmək;

– özəl məhkəmə ekspertlərinin fəaliyyətini əlaqələndirmək və onların təlimini təşkil etmək;

– özəl məhkəmə ekspertləri tərəfindən etik davranış kodeksinin tələblərinə riayət edilməsinə nəzarət etmək;

– dövlət orqanlarında (qurumlarında) özəl məhkəmə ekspertlərini təmsil etmək və onların hüquqlarını və qanuni mənafelərini müdafiə etmək;

– özəl məhkəmə eksperti fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərini, habelə icra intizamını pozmasına işarə edən kifayət qədər dəlillər olduqda onun barəsində bu Qanuna uyğun olaraq intizam icraatının başlanılması barədə Intizam Komissiyasına təqdimat vermək;

– məhkəmə ekspertizası fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək;

– digər ölkələrin məhkəmə ekspertləri, həmçinin beynəlxalq təşkilatlarla və hüquqi şəxslərlə əməkdaşlıq etmək.

Özəl məhkəmə eksperti Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edildiyi andan Palatanın üzvü olur. Özəl məhkəmə ekspertinin fəaliyyətinə xitam verildikdə onun Palataya üzvlüyünə xitam verilir.

Keçid müddəalarına əsasən, Palata dövlət qeydiyyatına alınanadək onun səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək. Palata dövlət qeydiyyatına alınanadək özəl məhkəmə ekspertlərinin üzvlük haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək və özəl məhkəmə ekspertizası fəaliyyətinin məqsədləri üçün istifadə olunacaq.

Palata Məhkəmə Ekspertləri Reyestrinə daxil edilmiş özəl məhkəmə ekspertləri tərəfindən təsis ediləcək. 2027-ci il iyulun 1-dək Reyestrə daxil edilmiş özəl məhkəmə ekspertlərinin sayı 50 (əlli) nəfərə çatmazsa, təsis yığıncağı Reyestrə daxil edilmiş özəl məhkəmə ekspertlərinin azı üçdə ikisinin iştirakı ilə keçiriləcək. İclasa təsis yığıncağında iştirak edən ən yaşlı özəl məhkəmə eksperti sədrlik edəcək. Məhkəmə Ekspertləri Reyestrinə 50 (əlli) özəl məhkəmə eksperti daxil edildikdən sonra bir il müddətində Palata təsis edilməzsə, təsis yığıncağı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən çağırılacaq. Palata dövlət qeydiyyatına alındığı andan Məhkəmə Ekspertləri Reyestrinə daxil edilmiş bütün özəl məhkəmə ekspertləri onun üzvü hesab ediləcəklər.