Prezident İlham Əliyevin yeni Fərmanı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişikliklər edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, dəyişikliklər övladlığa götürmə prosesinin sürətləndirilməsi yolu ilə uşaqların institusional mühitdə qalma müddətinin azaldılması və onların ailə mühitinə daha qısa müddətdə inteqrasiyasının təmin edilməsinə xidmət edir.

Fərmana əsasən, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla müəssisədə görüş müddəti yarıya endirilərək 2 ay ərzində ayda azı 40 saat deyil, 1 ay müddətində azı 20 saat olmaqla təşkil ediləcək.

Bu müddət valideyn himayəsindən məhrum olmuş 3 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında 10 gün müddətində 6 saatadək qısaldıla bilər.

Habelə, dəyişikliyə əsasən müəssisədə görüşün sosial işçilər tərəfindən 8 saat müşahidə edilməsi də differensiallaşdırılaraq, 3 yaşadək uşaqlara münasibətdə bütün müddət ərzində, 3 yaşdan yuxarı uşaqlara münasibətdə isə 10 saatdan az olmayaraq müşahidə müddəti müəyyən edilib.

***

saat 17.28

Valideyn-namizədə uyğun uşağın, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideynin seçilməsi və onların görüşlərinin təşkilinə dəyişiklik edilib.

Heftelik.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 1 (bir) ay müddətində azı 20 (iyirmi) saat olmaqla görüşü təşkil ediləcək.

Yuxarıda nəzərdə tutulmuş müddəti valideyn himayəsindən məhrum olmuş 0-3 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Nazirlik 10 (on)) gün müddətində 6 (altı) saatadək qısalda bilər.

Sosial işçi bu Qaydanın 7.4-cü bəndində nəzərdə tutulmuş müddətdə 10 (on) saatdan az olmayaraq, bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş halda isə bütün müddət ərzində valideyn-namizədi müşahidə edir və həmin müddət başa çatdıqda 3 (üç) iş günündən gec olmayaraq müəssisədə valideyn-namizədlə uşağın görüşünün nəticələrinə dair rəy hazırlayıb altsistemə daxil edəcək.

 

İndiyə qədər valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 2 (iki) ay müddətində ayda ən azı 40 (qırx) saat olmaqla görüşü təşkil edilirdi.

Yuxarıda nəzərdə tutulmuş müddəti valideyn himayəsindən məhrum olmuş 0-1 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Nazirlik 20 (iyirmi) gün müddətində 12 (on iki) saatadək qısalda bilərdi.

Bu Qaydanın 7.4-cü və 7.5-ci bəndlərində nəzərdə tutulmuş müddətdə sosial işçi hər ay ərzində 8 (səkkiz) saatdan az olmayaraq valideyn-namizədi müşahidə edir və həmin müddət başa çatdıqda 3 (üç) iş günündən gec olmayaraq müəssisədə valideyn-namizədlə uşağın görüşünün nəticələrinə dair rəy hazırlayıb altsistemə daxil edirdi.