Qaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qax rayonu ərazisində qeydə alınıb.

Kamran Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobil əvvəlcə dirəyə, daha sonra divara çırpılıb.

Qəza nəticəsində avtomobildə olan 17 yaşlı sərnişin Elcan Muxtarov ölüb. Digər sərnişinlər – 16 yaşlı Ziyad Şahmalıyev, 18 yaşlı Mürsəl Muxtarov, 20 yaşlı Şahmalı Abdulətif və 18 yaşlı Ərhan Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsi də Qaxda bir nəfərin öldüyü, dörd nəfərin xəsarət aldığı qəza barədə məlumat yayıb.

İdarədən bildirilib ki, bu gün saat 02:45 radələrində Qax şəhəri ərazisində, şəhər sakini 18 yaşlı Kamran Məmmədovun sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “Opel” markalı avtomobili maneəyə vurması nəticəsində sərnişini – 17 yaşlı həmyerlisi Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Avtomobildə ola digər sərnişinlər Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdutolif Şahmalı və Ərhan Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

“İlkin ehtimala görə hadisəyə səbəb yüksək sürət amili göstərilir. Belə ki, anidən idarəetmədən çıxan avtomobil əvvəlcə işıq dirəyinə, sonra isə qarşı hərəkət hissəsinə çıxaraq yaşayış evinin divarına çırpılıb.

Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizliyə yol verilməsi, yol və hava şəraitinin nəzərə alınmaması, eləcə də sürücülük hüququ olmadan avtomobil idarə edilməsi kimi kobud qayda pozuntularının ağır və faciəvi nəticələrə səbəb ola biləcəyini bir daha xatırladır. İdarə bir gəncin həyatına son qoyan bu faciədən düzgün nəticə çıxarmağa, sürücülük hüququ olmayan şəxslərə avtomobil verməməyə və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır”.

TƏBİB-dən bildirilib ki, Qax rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi) oktyabrın 6-da saat 04:15 radələrində Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Məlumata görə, onlara başın və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda xəsarət alan şəxslərdən 4 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti stabil qiymətləndirilir.

Qeyd olunub ki, hadisə nəticəsində 2009-cu il təvəllüdlü yeniyetmənin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

saat 08.53

Qaxda avtomobil işıq dirəyinə çırpılıb.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qax şəhəri H.Əliyev prospektində baş verib.

Belə ki, Məmmədov Kənan Vasif oğluna məxsus “OPEL ASTRA” markalı 34-BG-587 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tətəfindən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Eyni zamanda 2009-cu il təvəllüdlü Muxtarov Elcan Səbuhi oğlu həyatını itirib.

Faktla baglı araşdırma aparılır.