“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb.

Heftelik.az xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsi 7 fəsil, 28 maddədən ibarətdir.

Qanun layihəsi aqrar sahənin, ərzaq təhlükəsizliyinin və kənd yerlərinin dayanıqlı inkişafının təmin edilməsi, aqrar məhsulların istehsalı və ilkin emalı üçün zəruri şəraitin yaradılması, habelə aqrar sahənin iqlim dəyişikliklərinə adaptasiyası, kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə həmin sahədə dövlət tənzimləməsi və dövlət dəstəyinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən edəcək.

“Aqrar sahə haqqında” qanunun qəbulu ilə “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunlar ləğv ediləcək. Onların aktual müddəaları yeni qanuna daxil edilir. Digər sahəvi qanunlar qüvvədə qalır və “baza qanun – xüsusi qanunlar” modeli çərçivəsində yeni qanunla əlaqələndirilir.

Layihəyə əsasən, aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinin təsirinin azaldılması və adaptasiya tədbirləri tənzimlənir.

Aqrar sahədə iqlim dəyişiklikləri ilə mübarizə tədbirləri aşağıdakılardır:

– aqrar sahədə yaranan tullantıların idarə edilməsi və təkrar istifadəsi, habelə digər sahələrdə yaranan tullantıların idarə edilməsində aqrar sahənin imkanlarından istifadə edilməsi;

– qoruyucu meşə zolaqlarının salınması;

– istixana qazı emissiyalarının və ətraf mühitə mənfi təsirin azaldılmasına yönəldilmiş ekoloji təmiz və resursqənaətedici texnologiyaların, inteqrir bitki mühafizəsinin tətbiqi, habelə elektrik və digər aşağı emissiyalı kənd təsərrüfatı texnikasından istifadənin genişləndirilməsi;

– elektrik mühərrikli kənd təsərrüfatı texnikasının tətbiqinin genişləndirilməsi;

– heyvandarlığın regionlar üzrə planlaşdırılması zamanı istixana qazlarının emissiyasının udulma və tutulma imkanları nəzərə alınmaqla respublika üzrə paylanılması, habelə heyvandarlıqda mövcud emissiyanın azaldılması məqsədilə layihələrin təşviq edilməsi;

– iqlim dəyişikliklərinin aqrar sahəyə mənfi təsiri ilə bağlı maarifləndirmənin həyata keçirilməsi;

– aqrar sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi.

Layihəyə görə,iqlim dəyişikliklərinə adaptasiya məqsədilə aqrar sahədə aşağıdakı tədbirlər nəzərdə tutulur:

– iqlim dəyişikliklərinə davamlı bitki sortları və heyvan cinslərinin yaradılması və bu istiqamətdə layihələrin təşviqi;

– təhlükəli və təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələr üzrə erkən xəbərdarlıq sistemlərinin qurulması;

– sudan səmərəli istifadə edilməsi, habelə alternativ su mənbələrindən istifadə imkanlarının genişləndirilməsi.