Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşması hamını ciddi düşündürür.

Heftelik.az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında – “Aqrar sahə haqqında” yeni qanunun müzakirəsində bildirib.

“Bu gün ölkə ictimaiyyətini aqrar sahədə baş verən yeniliklər, qəbul olunan qanun və sənədlər, görülən işlər, əldə olunan nəticələr ciddi maraqlandırır. Hər bir kəs aqrar sahənin inkişafının, məhsul bolluğunun yaradılmasının tərəfdarıdır. Bəzi aqrar məhsulların qiymətlərinin artması hər birimizi ciddi düşündürür. Yeni qanun bu sahədə dövlət tənzimlənməsinin və dəstəyinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən edir. Sənəd geniş və əhatəlidir, yəni aqrar sektorun bütün sahələrini əhatə etməklə qanunvericilik əsasında onun idarəetmə və inkişaf istiqamətlərini özündə ehtiva edir. Məlumdur ki, aqrar sahədə çoxsaylı qanunlar mövcuddur. Ancaq müasir dövr bunların sistemləşdirilməsini, sahənin vahid qanunvericilik bazasının yaradılmasını, hüquqi çərçivədə aqrar sektora yanaşmanı zərurətə çevirir”, – deyə o qeyd edib.