Rusiyanın Avropaya qarşı hibrid fəaliyyətlərinin intensivləşməsi fonunda NATO-nun ehtiyatlı və parçalanmış reaksiyası daha ciddi qarşıdurma riskini artıra bilər.

Heftelik.az xəbər verir ki, ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi Culian Smit “Foreign Affairs” üçün qələmə aldığı məqalədə belə bir mövqe irəli sürüb.

Smitin fikrincə, Rusiyanın Avropaya qarşı hibrid fəaliyyəti yeni mərhələyə keçib. Müəllif Moskvanın kibertəhlükələr və dezinformasiya kampaniyaları ilə yanaşı, diversiya, yanğın törətmə və pilotsuz uçuş aparatları ilə bağlı insidentlərdə də iştirak etdiyini iddia edir.

Keçmiş diplomat yazır ki, əvvəllər Kremlin bu cür fəaliyyətlərdə iştirakını inkar etmək imkanını qorumağa çalışdığı müşahidə olunurdusa, son dövrdə baş verən insidentlər daha açıq xarakter alıb. Smit buna NATO ölkələrinin hava məkanında Rusiya PUA-larının qeydə alınması, Polşa ərazisinə Rusiya raketinin düşməsi və Almaniyada hava limanlarından birinin yaxınlığında partlayıcı maddələrlə təchiz edilmiş PUA-ların aşkarlanması barədə məlumatları nümunə göstərib.

Müəllifin fikrincə, Rusiya hazırda NATO ilə birbaşa müharibəyə başlamağa çalışmaya bilər. Smit hesab edir ki, Moskvanın məqsədlərindən biri Alyansın 5-ci maddəni tətbiq etməyə nə dərəcədə hazır olduğunu yoxlamaq və müttəfiqlər arasında fikir ayrılığı yaratmaq ola bilər.

Onun qənaətinə görə, digər məqsədlər Avropa ölkələrinin Ukraynaya gələcək dəstəkdən çəkinməsinə nail olmaq və Kiyevə yardımın siyasi və iqtisadi qiymətini tədricən artırmaqdır.

Smit NATO-nun əsas problemlərindən birinin hibrid təhdidlərə kifayət qədər koordinasiyalı və qətiyyətli cavab verilməməsi olduğunu bildirib. Onun fikrincə, ayrı-ayrı insidentlərin fərdi qaydada araşdırılması və məhdud tədbirlərin görülməsi Rusiyanın ciddi nəticələrlə üzləşmədən təzyiqi tədricən artırmasına şərait yarada bilər.