Səudiyyə Ərəbistanı və Suriya Yəməndə husilərə qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün 10 mindən 20 minədək suriyalı hərbçinin göndərilməsi imkanını müzakirə edirlər.

Heftelik.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Suriya Prezidenti Əhməd əş-Şaraa Yəmənə qoşun göndərilməsi məsələsini ciddi şəkildə nəzərdən keçirir, lakin yekun qərar hələ qəbul olunmayıb.

Mənbələrin bildirdiyinə görə, Dəməşq və Ər-Riyad bu məsələ ilə bağlı Vaşinqtonla məsləhətləşmələr aparıblar. ABŞ administrasiyası isə belə bir addıma etiraz etmədiyini bildirib.

Nəşrin məlumatına əsasən, ABŞ administrasiyasında Əhməd əş-Şaraanın Yəmənə hərbçi göndərəcəyinə əmindirlər. Vaşinqton hesab edir ki, Suriya qoşunlarının Yəməndə yerləşdirilməsi Səudiyyə Ərəbistanı ilə Suriya arasındakı münasibətləri gücləndirə bilər.

Bununla belə, “Axios” qeyd edir ki, Suriya hərbçilərinin Yəməndəki münaqişəyə qoşulması qarşıdurmanın dini xarakter alması və daha da kəskinləşməsi riskini yaradır.

Nəşrin yazdığına görə, göndərilməsi nəzərdən keçirilən kontingentin tərkibinə sünni hərbçilər daxil ola bilər. Onların şiə yönümlü “Ənsar Allah” hərəkatının qüvvələrinə qarşı döyüşməsi ehtimal olunur.