İtaliyanın Sardiniya adasındakı Bolotana kəndi qadınların uzunömürlülüyü ilə alimlərin diqqətini çəkib. Araşdırmaya görə, burada 70 yaşlı qadının 100 yaşına çatmaq ehtimalı 13,83 faizdir. İtaliya üzrə bu göstərici 3,54 faiz təşkil edir.
Heftelik.az xəbər verir ki, “Frontiers in Aging” jurnalında dərc olunan tədqiqatda 2021-2025-ci illərin demoqrafik məlumatları təhlil edilib.
Nəticələrə əsasən, Bolotanada 70 yaşlı qadının orta hesabla daha 20,85 il yaşaması gözlənilir. Ölkə üzrə bu göstərici 18,06 ildir. Tədqiqat müəllifləri kəndin uzunömürlülük göstəricilərinə görə Honkonqdan sonra dünyada ikinci yerdə ola biləcəyini bildirirlər.
Alimlər uzunömürlülüyün dəqiq səbəblərini hələ müəyyənləşdirməyiblər. Genetika, qidalanma, fiziki fəallıq, ailə dəstəyi və sosial əlaqələr mümkün amillər arasında göstərilir.
Tədqiqatın həmmüəllifi, epidemioloq S.Cey Olşanskinin sözlərinə görə, Bolotana dağlıq ərazidə yerləşir, sakinlər əsasən yerli məhsullarla qidalanır və icma daxilində qarşılıqlı dəstək güclüdür. Gündəlik piyada hərəkət də diqqətçəkən xüsusiyyətlərdəndir.
Bolotanada kişilərin ömür uzunluğu da ölkə üzrə orta göstəricidən yüksəkdir. Burada 70 yaşlı kişinin orta hesabla daha 16,02 il yaşaması gözlənilir. Kişilərin 100 yaşına çatmaq ehtimalı kənddə 4,92 faiz, İtaliya üzrə isə 1,41 faizdir.
Araşdırma dövründə Bolotananın əhalisi 2266 nəfər olub. Alimlər uzunömürlü sakinlərin yaşını dəqiqləşdirmək üçün əsrlər əvvələ aid bələdiyyə və vəftiz qeydlərindən də yararlanıblar.
Tədqiqatın digər həmmüəllifi, Mavi Zonalar konsepsiyasının yaradıcısı Den Büttner bildirib ki, növbəti mərhələdə kənddə uzunömürlülüyün səbəbləri araşdırılacaq. Məqsəd əldə edilən nəticələrin başqa cəmiyyətlərdə də insanların daha uzun və sağlam yaşamasına kömək edib-etməyəcəyini müəyyənləşdirməkdir.
