Orqanizmin xəstəliklə özü mübarizə apara bilməsi üçün bir çox həkim yataq rejiminə əməl etməyi, bol maye qəbul etməyi və yüksək hərarət zamanı temperaturu salan vasitələrdən istifadəni tövsiyə edir. Bununla yanaşı, sağalma prosesini sürətləndirməyə kömək edə biləcək təbii üsullar da var.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, soyuq havaların başlaması ilə kəskin respirator virus infeksiyalarına yoluxanların sayı artır. Soyuqdəyməyə səbəb olan viruslara qarşı xüsusi dərman mövcud deyil. Lakin ev şəraitində əlamətləri yüngülləşdirmək və orqanizmin daha tez bərpa olunmasına kömək etmək mümkündür.

Virus orqanizmə daxil olduqda onunla mübarizəyə immun sisteminin iki əsas mexanizmi qoşulur. Anadangəlmə immunitet yad hüceyrələri orqanizmdən uzaqlaşdırmağa çalışır. Qazanılmış immunitet isə əvvəllər qarşılaşdığı patogenləri tanıyaraq onları zərərsizləşdirir, eyni zamanda yeni virusları “yadda saxlayır” ki, gələcəkdə onlara qarşı daha tez reaksiya verə bilsin.

Mütəxəssislər boğaz ağrısını azaltmağa, öskürəyi yüngülləşdirməyə və bərpa prosesinə kömək edə biləcək bir neçə elmi əsaslandırılmış üsul sadalayıblar.

Bal

Araşdırmalar göstərib ki, bal öskürəyin tezliyini və şiddətini azalda bilər. Tədqiqatların bir hissəsi uşaqlar üzərində aparılıb. Lakin Amerika Pediatriya Akademiyası bir yaşına çatmamış uşaqlara heç bir formada bal verilməsini tövsiyə etmir. Səbəb balın tərkibində körpələr üçün təhlükəli olan botulizm bakteriyasının sporlarının ola bilməsidir. Emori Universitetinin Tibb Məktəbinin dosenti, terapevt Şeron Berqkvistin sözlərinə görə, öskürək və boğaz ağrısını azaltmaq üçün gündə bir neçə dəfə bir çay qaşığı bal qəbul etmək olar. Balı ilıq çaya və ya suya da əlavə etmək mümkündür. Lakin mütəxəssis bildirir ki, bal nə qədər çox durulaşdırılsa, təsiri bir o qədər zəifləyə bilər.

Duzlu məhlul

Soyuqdəymə zamanı ev şəraitində istifadə edilə biləcək digər vasitə duzlu məhluldur. Həkimlər burun yollarının duzlu su ilə yuyulmasını tövsiyə edirlər. Bu üsul burun tutulmasını müvəqqəti azalda, qıcıqlanmış burun ciblərini sakitləşdirə bilər. Amerika Otolarinqologiya Akademiyası da bu üsuldan istifadəni məsləhət görür. Şeron Berqkvistin sözlərinə görə, duzlu məhlulla burunun yuyulması burun ifrazatının qatılığını azaltmağa, boğaz ağrısını yüngülləşdirməyə və quruluğun qarşısını almağa kömək edə bilər. Mütəxəssis qeyd edib ki, bu üsul burun tutulmasını tam aradan qaldırmasa da, xüsusilə müalicə imkanları daha məhdud olan uşaqlarda sakitləşdirici təsir göstərə bilər.

Sink

Soyuqdəymə zamanı sink tərkibli pastillərin effektivliyi ilə bağlı aparılan elmi araşdırmalardan birində onların burun tutulmasının davametmə müddətini təxminən üçdə bir qədər azaltdığı müəyyən edilib. Bundan başqa, sink asqırmanın davametmə müddətini təxminən 22 faiz, öskürəyin müddətini isə təxminən yarıbayarı azalda bilər.

Araşdırmada qeyd olunur ki, soyuqdəymənin ilk əlamətlərinin meydana çıxmasından sonra ilk sutka ərzində sink tərkibli pastillərdən istifadəyə başlanması sağalma müddətini qısalda bilər. Bununla belə, sinkin dozası və qəbul müddəti xüsusi əhəmiyyət daşıyır.

Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma və kifayət qədər su içmək də orqanizmə infeksiya ilə mübarizədə kömək edir. Bu, həm sadə burun axıntısı, həm də yüksək hərarətlə müşayiət olunan xəstəliklər zamanı vacibdir.