“Bizim komandada azərbaycanlı və ya legioner idmançı söhbəti yoxdur. Hamısı bizimdir”.

Heftelik.az Qafqazinfo-ya istinadən  xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

O bildirib ki, bu gün cüdo yığmamızda olan bütün idmançılar azərbaycanlıdır: “Heç bir idmançı bizə hazır gəlməyib. Hamısı bizim cüdomuzun yetirməsidir. Əgər, Səid Mollayi yığmamızda olsaydı, onun legioner olması ilə razılaşardım. Niyə? Çünki o, bura hazır idmançı kimi gəlmişdi. Amma hamı onu azərbaycanlı kimi qəbul edirdi. Başa düşürəm bu milliyətinə görə belə idi. İrina Kindzerska bizə hazır idmançı kimi gəlmişdi. Amma digərləri bizimdir, burda yetişiblər”.

R. Rəsullu həmçinin Hidayət Heydərovun və Zelim Kotsoyevin Olimpiya Oyunlarından sonra qızıl medal qazanmaması barədə danışıb: “Hidayət Heydərov və Zelim Kotsoyev son iki ildə Avropa ikincisi olublar. Bu faktdır. Amma idmançı medal qazanmayan kimi təhqir edirlər. Bu da idmançılara pis təsir edir. Bilirsiniz, onunla nə qədər danışırıq? Sadəcə maraqlıdır ki, biz idmançıları bilib-bilmədən tənqid edirik. Xüsusən də bunu maddi məsələlərə bağlayırıq. Başlayırıq “baltalamağ”a. Deyirlər ki, filan idmançı “qudurub”. Amma daxildə nə olduğunu bilmirlər. Gürcü idmançı Laşa Bekauri son 2 ildə nəticə qazana bilməyib. Amma heç kəs onu tənqid etmir. Bizdə isə əksinədir”.