Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu Sultan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilməli olan proses baş tutmayıb.
Buna səbəb təqsirləndirilən şəxsin vəkilinin məhkəmə iclasında iştirak etməməsi olub.
Məhkəmə prosesin təxirə salınmasını təklif edib.
Növbəti məhkəmə iclası oktyabrın 27-nə təyin olunub.
Qeyd edək ki, sabiq baş konsulun cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
İstintaq materiallarına əsasən, Sultan Qasımovun əməlləri nəticəsində zərərçəkənlərə 200 min manatdan çox maddi ziyan dəydiyi bildirilir.
Cinayət işi üzrə Anton Zayats və Faiq Mikayılov zərərçəkən qismində tanınıblar.
İttihama görə, sabiq diplomat Rusiyada yaşayan vətəndaşlardan birinə torpaq sahəsini hərrac yolu ilə alacağını vəd edib. Digər zərərçəkənə isə qızılı hava yolu ilə başqa ölkəyə keçirəcəyinə söz verib.
Ümumi ziyanın bir hissəsi istintaq dövründə ödənilib.
Sultan Qasımova Cinayət Məcəlləsinin 12.1 və 178.3.2-ci maddələri ilə (xarici ölkə ərazisində külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) ittiham irəli sürülüb.
Xatırladaq ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərində ilk baş konsulu təyin edilib. O, 2016-cı ildə həmin vəzifədən geri çağırılıb.
2016-cı il mayın 3-də Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu təyin olunan Sultan Qasımov 2024-cü il oktyabrın 21-də vəzifəsindən geri çağırılıb.
