Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında “Odyssey of the Seas” gəmisindən suya atılıb.
Axtarışlara kömək edən “MSC Rossella III” yük gəmisinin heyəti qaranlıqda narıncı xilasetmə vasitəsinə yapışmış qadını görüb. Sahil Mühafizəsinin əməkdaşları hadisə yerinə gələrək onu təhlükəsiz şəkildə qayığa çıxarıblar.
Qadın sahil mühafizəsi əməkdaşlarına gəmidən düşmək istədiyi üçün dənizə tullandığını bildirib. Prokurorun psixiatrik müayinə tələb etməsindən sonra o, Katakolo limanına aparılıb, daha sonra xəstəxanaya yerləşdirilib.
