“Əflatun Mətbuat Şurasını yarıtmışdı, oğlu da ağ günə çıxarar. Ümumiyyətlə, bu fəaliyyətsiz Mətbuat Şurası kimə və nəyə lazımdır?”

Heftelik.az  xəbər verir ki, bunu tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında yazıb.

Mətbuat Şurasının fəaliyyətini sərt tənqid edən teleaparıcı qurumun yaradıldığı vaxtdan onun fəaliyyətinə qarşı olduğunu bildirib.
O qeyd edib ki, Əflatun Amaşovun Mətbuat Şurasının sədri seçiləcəyini əvvəlcədən bildikləri üçün bir neçə redaktorla birlikdə buna etiraz edib:
“Hətta bu qurumun rəhbərliyinə Amaşovun gətiriləcəyini əvvəlcədən bildiyimiz üçün mən və bir neçə redaktor buna etiraz etmişdik. Əli Həsənov hamımıza zəng edib qurultaya qatılmağımızı istəmişdi. Mən getmədim, amma deyəsən, etiraz edən redaktorların hamısı sonradan Amaşovun bayrağı altına keçdi”.
Xoşqədəm Hidayətqızı paylaşımında Mətbuat Şurasının gələcəyi ilə bağlı da istehzalı fikirlər səsləndirib:
“Belə başa düşürəm ki, bu qurum bir neçə il də Amaşovun oğluna xidmət edəcək. Zaman onsuz da tez keçir! Sonra da nəvəsini sədr seçərik, işini bitirər”.
Teleaparıcı Əflatun Amaşovun vaxtilə Şura sədri olmaq üçün dostlarına danışdıqlarının ayrıca mövzu olduğunu da vurğulayıb.
O, paylaşımının sonunda Mətbuat Şurasına namizədlər arasında bloqerlərin olub-olmadığını soruşaraq yazıb:
“Varsa, tapşırım, bizimkilər onlara səs versin”.
Qeyd edək ki, bu gün keçirilən Mətbuat Şurasının qurultayında İdarə Heyətinin hazırkı üzvlərindən 12 nəfər namizədliyini geri götürüb.
Üzv təşkilatlar tərəfindən namizədliyi irəli sürülmüş və səs toplamış Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Akif Aşırlı və Yadigar Məmmədli adlarının seçki bülleteninə daxil edilməməsini xahiş ediblər.
Qeyd edək ki, İdarə heyətinə namizədlər arasında Əflatun Amaşovun oğlu Orxan Amaşov da var.