QHT-lər və biznes “bölüşülən dəyər”, real əməkdaşlıq mexanizmləri yaratmağa keçid etməlidir
Müasir qlobal iqtisadi və sosial çağırışlar fonunda biznes sektorunun ictimai məsuliyyəti ənənəvi xeyriyyəçilik anlayışından çıxaraq korporativ dayanıqlılığın, risklərin idarə edilməsinin və strateji inkişafın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Azərbaycanda Korporativ Sosial Məsuliyyət (KSM) institutunun inkişafı həlledici bir keçid mərhələsindədir. Ölkəmizdə fəaliyyət göstərən şirkətlər artıq dərk etməlidirlər ki, milli KSM təcrübəsi yalnız ənənəvi “passiv xeyriyyəçilik” və birdəfəlik sponsorluq modeli çərçivəsində inkişaf edə bilməz. KSM aləti öz dar, məhdud dairəsini aşmalı, biznesin təməl fəaliyyət strategiyasına inteqrasiya olunmalı və daha geniş miqyasda səmərəli tətbiq edilməlidir.
KSM niyə yalnız şirkətin daxili məsələsi kimi nəzərdən keçirilə bilməz?
Tarixən bir çox şirkətlər sosial məsuliyyətə daxili PR aləti, vergi yoxlamalarından sığortalanma və ya sadəcə rəhbərliyin şəxsi xeyriyyə təşəbbüsü kimi yanaşıb. Lakin müasir Davamlı İnkişaf Məqsədləri (DİM) və ESG (Ekoloji, Sosial və Korporativ İdarəetmə) prinsipləri diktə edir ki, KSM yalnız şirkətlərin daxili korporativ məsələsi kimi nəzərdən keçirilə bilməz. Bir şirkətin cəmiyyətə və ətraf mühitə təsiri onun ofisinin divarlarından çox-çox kənara çıxır. Əgər bir müəssisənin fəaliyyəti ekoloji mühitə, icmaların rifahına, təhsilə və cəmiyyətin ümumi inkişafına toxunursa, onun sosial məsuliyyət strategiyası da məhz bu icmaların nümayəndələri ilə yəni vətəndaş cəmiyyəti institutları ilə birgə işlənib hazırlanmalıdır.
Azərbaycan korporativ sektoru, şirkətlər və sahibkarlar QHT-lərlə daha geniş, institusional və davamlı əməkdaşlıq etməlidirlər. KSM yalnız bu halda səmərəli ola bilər. Çünki biznes qurumları maliyyə və idarəetmə resurslarına malik olsalar da, sosial problemlərin dərinliyini, icmaların spesifik ehtiyaclarını və onlara optimal yanaşma metodlarını QHT-lər qədər dərindən bilmirlər. Korporativ sektor KSM təşəbbüslərini icra edərkən mütləq şəkildə vətəndaş cəmiyyətinin ekspertizasından faydalanmağı qarşıya məqsəd qoymalıdır. Əks halda, milyonlarla manat büdcəsi olan KSM layihələri sadəcə “hesabat xatirinə” icra edilən, cəmiyyətdə heç bir real iz və dayanıqlı dəyişiklik buraxmayan kosmetik tədbirlərə çevriləcək.
Gözləntilər toqquşur, biznes nə istəyir, QHT nə axtarır?
Tədqiqatlar və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin İB-in Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi (İB) tərəfindən icra olunan “QHT–Biznes tərəfdaşlığının gücləndirilməsi: sosial məsuliyyət üçün birgə təşəbbüslər” layihəsi çərçivəsində apardığı genişmiqyaslı sorğular göstərir ki, tərəflər arasında kəskin bir “qavrama uçurumu mövcuddur. QHT-lərin biznesdən gözləntiləri çox vaxt sadəcə maliyyə donorluğu çərçivəsində məhdudlaşır. QHT-lərin 61.2%-i hesab edir ki, biznesin KSM fəaliyyətində yeganə məqsədi PR, reklam və brend nüfuzunun artırılmasıdır. Bu düşüncə tərzi QHT-ləri yanlış istiqamətə yönləndirərək, onları şirkətlərə yalnız “reklam fürsəti” vəd edən səthi layihələrlə müraciət etməyə vadar edir.
Lakin biznesin QHT-lərdən gözləntiləri fərqlidir və daha ciddidir. Şirkətlərin 68%-i üçün KSM tərəfdaşlığında ən mühüm meyar layihənin cəmiyyətdə yaradacağı real, ölçülə bilən xalis sosial təsirdir. Biznes PR-dan çox “bölüşülən dəyər” axtarışındadır. Şirkətlər QHT-lərdən sadəcə “bizə pul verin, uşaqlara kömək edək” yanaşması deyil, investisiya arqumentlərinə, risklərin idarə edilməsinə və əsas performans göstəricilərinə (KPI) əsaslanan peşəkar layihə təklifləri gözləyirlər. Təəssüf ki, şirkətlərin 28%-i daxil olan müraciətlərin kommersiya və sosial balansı qoruya bilməyərək, sırf “donor və ya qrant istəyi” xarakteri daşıdığını, 52%-i isə bu layihələrin biznes strategiyasına qətiyyən uyğun gəlmədiyini bildirir. Bu rəqəmlər sübut edir ki, əsas maneə tərəflərin bir-birinin dilini anlamamasıdır.
QHT-lər biznesə “bölüşülən dəyər” yaratmağa keçid etməlidir
Bu ziddiyyətləri həll etmək üçün ilk növbədə vətəndaş cəmiyyəti institutları öz yanaşmalarını köklü şəkildə dəyişməlidirlər. QHT-lər KSM-ə yalnız qrant cəlb etmək, təşkilatın maliyyə ehtiyaclarını ödəmək alətlərindən biri kimi baxmamalıdır. KSM, korporativ sektorla birgə ictimai dəyər yaratmaq, sosial problemlərin həllinə innovativ yanaşmalar gətirmək fəaliyyəti kimi nəzərdən keçirilməlidir.
QHT-lər səmərəli KSM layihələri hazırlamaq, şirkətlərlə peşəkar dialoq qurmaq və bu sahədə qlobal çağdaş təcrübəni öyrənmək üçün səriştələrini təcili şəkildə artırmalıdırlar. Tədqiqatlar göstərir ki, QHT-lərin 56.1%-i ESG strategiyalarına uyğun təklif yazmaqda, 30.6%-i isə sosial təsirin ölçülməsi (SROI – Sosial İnvestisiyanın Gəlirliliyi) metodologiyasında ciddi bilik qıtlığı yaşayır. Əgər QHT layihə təklifində görüləcək işləri (output) deyil, nəticə indikatorlarını (outcome/impact) rəqəmsal arqumentlərlə (məsələn, “Sizin yatırdığınız 10,000 AZN cəmiyyətə 40,000 AZN-lik sosial fayda olaraq qayıdacaq”) izah edə bilmirsə, heç bir ciddi şirkət əməkdaşlıq etməyəcək.
QHT-lər müraciətlərini ənənəvi donor şablonları ilə deyil, biznesin korporativ maraqlarını, brend dəyərini, əməkdaşların loyallığını və cəmiyyətdəki risklərin azaldılmasını əks etdirən “investisiya təklifi” formatında hazırlamalıdırlar. Eyni zamanda, layihələrin icrasında tam maliyyə şəffaflığı təmin edilməli, müstəqil audit nəticələri açıq saxlanılmalıdır.
Maneələrin dəf edilməsi və ortak gələcək üçün ictimai vəkillik
Səmərəli əməkdaşlıq üçün ən böyük maneələrdən biri layihələrin dizayn mərhələsində tərəflərin birgə iştirak etməməsidir. Çox vaxt QHT hazır layihə ilə şirkətin qapısını döyür, şirkət isə onu rədd edir. Yaxud şirkət daxildə bir ideya formalaşdırır və QHT-ni sadəcə “icraçı podratçı” kimi işə götürür. Hər iki yanaşma yanlışdır. Həqiqi birgə əməkdaşlıq yalnız layihələrin birgə hazırlanması mərhələsində mümkündür. Problemin ehtiyac analizi, hədəf qrupun müəyyənləşdirilməsi və müdaxilə məntiqi QHT ilə şirkətin nümayəndələri tərəfindən ortaq masada razılaşdırılmalıdır.
Dövlətin bu sahədəki rolu isə həm biznesin, həm də QHT-nin dialoq qura biləcəyi infrastrukturu təmin etməkdir. QHT sektoru və biznes dövlətdən şəffaf oyun qaydaları, şirkətləri KSM-ə təşviq edəcək qanunvericilik təşəbbüsləri və birbaşa təmas imkanı yaradan platformalar gözləyir. Cəmiyyətin dayanıqlı tərəqqisi naminə KSM təşəbbüslərinin korporativ divarları aşıb icmalara çatması, QHT-lərin isə bu prosesin hərəkətverici qüvvəsinə çevrilməsi tarixi bir zərurətdir.
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin İB-in Azərbaycan Respublikasının QHT Agentliyinin dəstəyi ilə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi (İB) tərəfindən icra olunan “QHT–Biznes tərəfdaşlığının gücləndirilməsi: sosial məsuliyyət üçün birgə təşəbbüslər” layihəsi çərçivəsində hazırladığı Tədqiqat Hesabatı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.
https://qht.az/media-sources/qht-1792097032454.pdf
Bu məqalə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin İB-in Azərbaycan Respublikasının QHT Agentliyinin dəstəyi ilə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi (İB) tərəfindən icra olunan “QHT–Biznes tərəfdaşlığının gücləndirilməsi: sosial məsuliyyət üçün birgə təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.
Şahin Nəsrullayev
Layihə eksperti
