Bakıda qayınata gəlinini döyüb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Qobustan qəsəbəsində qeydə alınıb.
65 yaşlı Hüseyn Quliyev (şərti adla) yaşadıqları evin dəhlizində mübahisə zamanı gəlininin çiyin və qol nahiyələrinə yumruqla bir neçə dəfə vurub. Nəticədə qadın yerə yıxılıb.
Zərərçəkənin şikayəti əsasında H. Quliyev barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisəyə səbəb olan mübahisə soyuducuya görə yaranıb. Onun sözlərinə görə, əvvəllər oğlu və ailəsi ilə bir evdə yaşayıblar. Sonra oğlu qonşuluqda torpaq alaraq ev tikdiyi üçün köçüblər. Köç zamanı gəlini Fatma (şərti adla) əşyalarını həmin evə daşıyıb. Hüseyn Quliyev Fatmanın əşyaları daşıyarkən digər gəlini ilə mübahisə etdiyini eşidib. Yaxınlaşıb bunun səbəbini soruşanda gəlini soyuducunun əri tərəfindən alındığını və onu da aparmaq istədiyini deyib. Hüseyn gəlininə “niyə aparırsan, onsuz səndə başqası var, qoy bu bu evdə qalsın” desə də, qadın bunaməhəl qoymayıb. Cavabında kobud şəkildə “onu özüm bilәrәm, o soyuducu әgәr sizdә qalsa, hәmin soyuducu sәnin yasın üçün istifadә edilsin” deyib. Bundan hiddətlənən Hüseyn Quliyev gəlinini yumruqla vurub və nəticədə Fatma yerə yıxılıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hazırda gəlini ilə barışıb.
Zərərçəkən qadın isə hadisədən xeyli sonra qayınatasının ondan üzr istəyəcəyini gözlədiyini deyib. Onun sözlərinə görə, H. Quliyev üzr istəmədiyi üçün onun barəsində şikayət edib. Son olaraq, Fatma da qayınatasına qarşı şikayətçi olmadığını bildirib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və H. Quliyev məsuliyyətdən azad olunub.
