İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-la danışıqlarda İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpa edilməsini və “başlanan işin tamamlanmasını” tələb edir.
Heftelik.az xəbər verir ki, bu barədə “Financial Times” ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Tramp İsrail tərəfinə Vaşinqtonun noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərindən əvvəl eskalasiya xarakterli addımlar atmayacağını bildirib.
FT yazır ki, İranla hərbi əməliyyatların potensial olaraq yenidən başlaması barədə müzakirələr Tehrana təzyiq göstərmək və ondan güzəştlər əldə etmək məqsədi daşıyan taktiki gediş də ola bilər.
Məlumata görə, Netanyahu ABŞ-la təmaslarında İranla bağlı “başlanan işi tamamlamaq” mövqeyini müdafiə edir.
Qəzet onu da yazıb ki, İsrail oktyabrın 10-da İrana genişmiqyaslı zərbələr endirməyə hazırlaşıb, lakin ABŞ Prezidenti Donald Trampın buna qarşı çıxması səbəbindən əməliyyat baş tutmayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, İsrail Baş naziri Benyamin Netanyahu oktyabrın əvvəlində ölkənin Hərbi Hava Qüvvələrinə İrana qarşı genişmiqyaslı hücuma hazırlıqla bağlı göstəriş verib.
Məlumata əsasən, zərbələrin oktyabrın 10-da həyata keçirilməsi planlaşdırılıb və İsrail hərbçiləri əməliyyata başlamağa hazır vəziyyətdə olublar, lakin ABŞ Prezidenti Donald Tramp İsrailin bu addımına qarşı çıxıb. Bundan sonra Netanyahu Hərbi Hava Qüvvələrinə zərbələrə hazırlığın dayandırılması barədə göstəriş verib.
Nəşrin mənbələri qeyd edib ki, baş tutmayan əməliyyat nəticəsində İranda gözlənilən dağıntıların miqyası 2026-cı ilin fevral ayının sonu – martın əvvəlində İsrailin İrana qarşı keçirdiyi əməliyyat zamanı vurulan zərərin miqyasına yaxın olmalı imiş.
